Aİ, yoxsa Rusiya bazarı? – Paşinyanı gözləyən böyük seçim – ÖZƏL
16:42 Siyasət"Rusiya Ermənistanla bağlı konkret addımların atılacağı mərhələyə artıq gəlib çatıb. Kremldə artıq anlayırlar ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşma kursunda prinsipial mövqeyindən geri çəkilmək niyyətində deyil. Bu da o deməkdir ki, Ermənistan sürətlə Rusiyanın təsir dairəsindən çıxmağa başlayıb".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Ekspert bildirib ki, üstəlik, Avropa İttifaqı da bu məsələdə açıq şəkildə Ermənistana dəstək verir. Yəni həm Amerika Birləşmiş Ştatları, həm də Avropa İttifaqı Ermənistanı geosiyasi baxımdan öz təsir dairələrinə yaxınlaşdırmağa çalışırlar. Ona görə də Kremldə hesab edirlər ki, Ermənistanı dayandırmaq mümkün olacaqsa, bu, məhz indi atılacaq addımlar sayəsində baş verə bilər. Bu səbəbdən Rusiya bazarlarından asılı olan Ermənistana qarşı birbaşa iqtisadi və ticarət məhdudiyyətləri tətbiq olunur, müxtəlif embarqolar qoyulur. Bu isə birmənalı şəkildə Ermənistan daxilində ictimai-siyasi narazılıqları artırır. Bütün bunlar Kremlin iki istiqamətli təzyiq taktikası kimi görünür. Bir tərəfdən, Rusiya iqtisadi və ticarət təzyiqləri vasitəsilə Paşinyan hakimiyyətinə təsir göstərməyə çalışır. Digər tərəfdən isə tətbiq edilən embarqolar ölkədaxili narazılıqları artıraraq hakimiyyət üzərində daxili təzyiqlərin güclənməsinə səbəb olur. Belə bir şəraitdə Paşinyan hakimiyyəti üçün Ermənistanın daxili siyasi məkanını idarə etmək asan deyil.
Ekspert qeyd edib ki, xüsusilə də hazırda Ermənistan üçün mühüm əhəmiyyət daşıyan iki referendum məsələsi gündəmə gəlməyə başlayıb. Bunlardan birincisi, rəsmi Bakının uzun müddətdir ki, rəsmi İrəvandan tələb etdiyi, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən konstitusiya müddəalarının ləğvi ilə bağlı referendumdur. Çünki rəsmi Bakının prinsipial və qəti mövqeyi ondan ibarətdir ki, əgər rəsmi İrəvan Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, həmin ərazi iddiaları Ermənistan Konstitusiyasından çıxarılmalıdır. Bu isə yalnız referendum yolu ilə həyata keçirilə bilər. Yəni Paşinyan hakimiyyəti sülh sazişini imzalamaq niyyətindədirsə, bu referendumu keçirməyə məcbur olacaq. İkinci referendum mövzusunu isə artıq Kreml Paşinyan hakimiyyəti qarşısında vacib məsələ kimi ön plana çıxarır. Rusiya rəsmi İrəvandan tələb edir ki, əgər Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İqtisadi Birliyində qalması nəzərdə tutulursa, o zaman Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı ümumxalq referendumu keçirilməlidir. Yalnız bundan sonra bu məsələ ilə bağlı Moskva ilə İrəvan arasında müəyyən anlaşmanın əldə olunması mümkün ola bilər. Başqa sözlə, Kreml referendum keçirilməyəcəyi təqdirdə Ermənistanı həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, həm də Avrasiya İqtisadi Birliyindən kənarlaşdırmaqla hədələyir. Xüsusilə də Avrasiya İqtisadi Birliyindən uzaqlaşdırılmaq Ermənistan üçün çox ciddi nəticələr doğura bilər. Çünki Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiya bazarlarından asılıdır. Bundan əlavə, Avrasiya İqtisadi Birliyi Ermənistana müxtəlif iqtisadi və ticarət güzəştləri təqdim edir. Bu güzəştlərdən məhrum olmaq isə Ermənistan iqtisadiyyatına ciddi zərbə vura bilər.
"Bütün bunlar onu göstərir ki, Rusiya Ermənistanı seçim qarşısında qoymağa çalışır. Əgər Ermənistan daxili iqtisadi böhran və sonrakı mərhələdə siyasi-ictimai xaosla üzləşmək istəmirsə, Rusiyanın bu tələblərini yerinə yetirməyə məcbur qala bilər. Əks halda, Rusiyanın yaxın gələcəkdə Ermənistana qarşı iqtisadi və ticarət təzyiqlərini daha da genişləndirə, hətta onları daha sərt formada tətbiq edə biləcəyi qətiyyən istisna deyil", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova