Paşinyanın Aİİ tənqidi Rusiya-Ermənistan münasibətlərini yenidən gündəmə gətirdi- ÖZƏL
16:01 SiyasətErmənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə Rusiya tərəfindən erməni məhsullarına qoyulan məhdudiyyətlərə görə Avrasiya İqtisadi İttifaqını (Aİİ) kəskin tənqid edərək, təşkilatın faktiki olaraq işləmədiyini və gələcəyinin sual altında olduğunu bildirib. Paşinyan İrəvanın hazırda Aİİ-dən çıxmaq planının olmadığını desə də, ölkəsinin alternativ iqtisadi-siyasi istiqamətlər formalaşdırmaq hüququna malik olduğunu vurğulayıb. Bu mövqeyini Rusiya Prezidenti Vladimir Putinə də çatdırdığını qeyd edən Baş nazir, Ermənistanın heç bir tərəfdən asılı olmaq istəmədiyini və yalnız bir geosiyasi mərkəzə bağlı qalmaq dövrünün arxada qaldığını bəyan edib.
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Hesab edirəm ki, Paşinyanın bu açıqlamaları da, bundan sonrakı anti-Rusiya davranışları da Avropaya inteqrasiya istiqamətində cəhdlərdir və təbii ki, münasibətlərdə gərginliyi artıran məqamlar olacaq.
Yeni gərginlik deyəndə, münasibətlər onsuz da gərgindir. Sadəcə, bu davranışlar həmin gərginliyi davam etdirəcək və artıracaq.
Rusiyanın Ermənistan mallarına tətbiq etdiyi məhdudiyyətlər və yaratdığı problemlər iqtisadi məsələ deyil, siyasi məsələdir. Yəni Ermənistan anti-Rusiya ovqatından, Avropaya inteqrasiya siyasətindən əl çəkərsə, bu məsələlər avtomatik aradan qalxacaq. Bu, Rusiyanın bir təzyiqidir. Məqsəd Ermənistana təzyiq göstərərək onun iradəsini qırmaqdır.
Ermənistanın alternativ kurs seçməsi Avrasiya İqtisadi İttifaqının gələcəyinə də ciddi təsir etməz. Çünki Ermənistan orada elə də önəmli ölkə deyil. Bu məsələ siyasi mahiyyət daşıyır. Yəni Ermənistanın çıxması, istiqamətini dəyişməsi siyasi məsələdir. Rusiya onun yerinə başqa bir ölkəni ittifaqa daxil edə bilər. Üzv olmaq istəyən başqa ölkələr də var. Yəni bu, sırf siyasi məsələdir və Ermənistanın oradan çıxması Avrasiya İqtisadi İttifaqının gələcəyinə iqtisadi baxımdan ciddi təsir etməz. Amma siyasi baxımdan yaxşı hal deyil. Çıxmasının əhəmiyyəti də məhz bu siyasi anlamdadır.
Başqa bir məsələ də odur ki, Ermənistanın orada xüsusi və ya əvəzolunmaz fəaliyyəti olmayıb".
Zeynəb Mustafazadə