Ölkəmizdəki siyasi sabitlik Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin məntiqi nəticəsidir- ÖZƏL
15:30 Siyasət"Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və inkişafı istiqamətində misilsiz xidmətlər göstərib. Ulu Öndərin uzaqgörən daxili və xarici siyasəti Azərbaycanın milli dövlətçilik strategiyasının əsasını təşkil edir və ölkənin davamlı inkişafının möhkəm təməlini yaradıb". "Olaylar" xəbər verir ki, bunu YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev deyib: "Ölkəmizdəki siyasi sabitlik, sosial-iqtisadi inkişaf, beynəlxalq nüfuzun artması və əldə olunan tarixi uğurlar Heydər Əliyev siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.
Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib, beynəlxalq nüfuzunu daha da artırıb, iqtisadi gücünü möhkəmləndirib və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirib".