Ana Dilimiz Dövlətçiliyimizin Mənəvi Sütunudur- ÖZƏL

"Azərbaycan Dili və Əlifbası Günü hər il 1 avqust tarixində qeyd olunur. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Həmin fərmanla latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam başa çatdırılması təmin edilmiş, ana dilimizin dövlət dili kimi mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım atılmışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov deyib: "Azərbaycan dili xalqımızın milli kimliyini, tarixini və mədəniyyətini yaşadan ən böyük mənəvi sərvətlərdən biridir. Ulu Öndər Heydər Əliyev ana dilimizin qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirərək demişdir: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir." Onun rəhbərliyi dövründə Azərbaycan dilinin dövlət dili statusu daha da möhkəmləndirilmiş, dilimizin inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ana dilimizin qorunması və zənginləşdirilməsini daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan dili xalqımızın milli sərvətidir və onu qorumaq hər bir vətəndaşın borcudur. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar Azərbaycan dilinin tətbiqinin genişləndirilməsinə, dil mədəniyyətinin yüksəldilməsinə və gənc nəslin ana dilinə bağlı ruhda tərbiyəsinə mühüm töhfə verir. Tarix boyu müxtəlif sınaqlardan keçən Azərbaycan dili bu gün müstəqil dövlətimizin rəsmi dili kimi bütün sahələrdə uğurla tətbiq olunur. Azərbaycan Dili və Əlifbası Günü münasibətilə ana dilimizin saflığının qorunması, düzgün istifadəsi və gələcək nəsillərə olduğu kimi çatdırılması hər birimizin müqəddəs vəzifəsi kimi xüsusi əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31