Rəqəmsal texnologiyalar sürətlə inkişaf edir, dostluğun təməlini təşkil edən etibar isə öz əhəmiyyətini qoruyur- ÖZƏL

 
30 iyul - Beynəlxalq Dostluq Günüdür!

"BMT Baş Assambleyasının qərarı ilə təsis olunmuş Beynəlxalq Dostluq Günü qarşılıqlı etimadın, əməkdaşlığın, humanizmin və sülhün təşviqinə həsr olunan mühüm beynəlxalq tarixlərdəndir. Bu gün dostluğun insanlar, xalqlar və dövlətlər arasında etibarlı tərəfdaşlığın, sabitliyin və davamlı inkişafın əsas dayaqlarından biri olduğunu bir daha ön plana çıxarır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib: "Ümummilli Lider Heydər Əliyev xalqlar arasında dostluğu, milli və dini tolerantlığı, qarşılıqlı hörməti və əməkdaşlığı Azərbaycan dövlət siyasətinin prioritet istiqamətləri sırasında müəyyənləşdirmişdir. Məhz bu uzaqgörən siyasi kurs sayəsində Azərbaycan müxtəlif millətlərin və dini konfessiyaların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, multikultural dəyərlərin qorunduğu və mədəniyyətlərarası dialoqun təşviq olunduğu nüfuzlu ölkə kimi beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Bu strateji kurs Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə inkişaf etdirilir, ölkəmiz beynəlxalq əməkdaşlığın, etibarlı tərəfdaşlığın və sivilizasiyalararası dialoqun mühüm mərkəzlərindən biri kimi çıxış edir.

Rəqəmsal texnologiyaların və sosial şəbəkələrin sürətlə inkişaf etdiyi müasir dövrdə ünsiyyət formaları yenilənir, dostluğun təməlini təşkil edən etibar, sədaqət, qarşılıqlı hörmət və səmimiyyət isə öz əhəmiyyətini qoruyur. Dostluq ailəni möhkəmləndirən, cəmiyyətdə həmrəyliyi gücləndirən, xalqları yaxınlaşdıran və dövlətlər arasında uzunmüddətli əməkdaşlığı möhkəmləndirən ali mənəvi dəyərdir. Bu dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi daha təhlükəsiz, daha ədalətli və daha həmrəy dünyanın formalaşmasına möhkəm zəmin yaradır. 
30 İyul - Beynəlxalq Dostluq Günü münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik edir, dostluq, qarşılıqlı etimad və həmrəylik dəyərlərinin daim uca tutulmasını, ölkəmizə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq, birlik və firavanlıq arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31