Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa önəm verir - ÖZƏL

"Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər dövlətlər arasında əməkdaşlığın məzmununu əhəmiyyətli dərəcədə transformasiya etmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Xüsusilə enerji təhlükəsizliyi, təchizat zəncirlərinin davamlılığı və regional nəqliyyat marşrutlarının şaxələndirilməsi Avropa dövlətlərinin xarici siyasət prioritetlərində mühüm yer tutmağa başlamışdır. Bu baxımdan Azərbaycan həm enerji istehsalçısı, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzi kimi strateji əhəmiyyətini daha da artırmışdır. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı strateji dialoqun başlanmasının elan edilməsi və ikitərəfli tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərin institusional əsaslarının möhkəmləndiyini göstərir.

Bu inkişaf eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə keçməsi baxımından da əhəmiyyətlidir. Almaniyanın Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü olması nəzərə alındıqda, iki ölkə arasında strateji dialoqun qurulması Azərbaycanın Avropa ilə əməkdaşlığının genişlənməsinə əlavə impuls verir. Bununla yanaşı, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, biznes əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılması gələcək tərəfdaşlığın əsas istiqamətlərindən biri kimi çıxış edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31