TRIPP- in uğuru tərəflərin öhdəliklərinə sadiqliyindən asılı olacaq- ÖZƏL

" Bugünlərdə məlum oldu ki, ABŞ Dövlət Departamenti tərəfindən TRIPP+ Fondu yaradılıb. Xatırladım ki, "Tramp Marşrutu"nun həyata keçirilməsinin təşkilati tərəfi belə nəzərdə tutulur: layihəni Ermənistan-Amerika birgə şirkəti olan TRIPP Development Company icra edəcək. Şirkətin Ermənistan tərəfdən təsisçisi Ermənistan hökuməti, ABŞ tərəfdən isə TRIPP Development Company US olacaq. (74%  ABŞ , 26 % isə Ermənistan tərəfinə məxsus olacaq. 49 illik müddət başa çatdıqdan sonra tərəflər müqaviləni daha 50 il müddətinə uzada bilərlər. Bu halda Ermənistan tərəfinin layihədəki payı avtomatik olaraq 49 faizə yüksələcək)." "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "TRIPP+ İnvestisiya Fondu isə, ilk növbədə layihənin maliyyələşdirilməsi və investisiya cəlbi ilə məşğul olacaq, Ermənistanda yaradılacaq TRIPP Development Company isə layihənin birbaşa icraçısı olacaq. Fond və şirkət bir-biri ilə əlaqəli olsa da, hüquqi baxımdan eyni qurum hesab edilmir.
TRİPP + Fondunun rəhbəri - ABŞ da tanınmış biznesmenlərdən olan Peterburqda anadan olan Konstantin Sokolovdur. Sokolov Ermənistanda TRIPP+ fonduna qoşulmazdan əvvəl də tanınırdı.
2024-cü ilin əvvəlində benefisiarları Konstantin Sokolov və Çje Jan (Zhe Zhang) olan Kiprdə qeydiyyatdan keçmiş Fedilco Group Limited şirkəti Rusiyanın MTS şirkətindən onun Ermənistandakı törəmə müəssisəsini (indiki Viva Armenia) alıb.
2026-cı ilin iyul ayının əvvəlində isə, Sokolovun yeni vəzifəyə təyin olunmasından az əvvəl, Fedilco Group Ermənistanda telekommunikasiya sektorundakı aktivlərini genişləndirərək Rusiyanın Rostelekom şirkətinin Ermənistandakı törəmə müəssisəsinin (OVIO brendi ilə fəaliyyət göstərir) 100 faiz səhmlərini satın alıb.
Eyni zamanda, Sokolova məxsus Dynamic Frontier Holdings adlı Amerika şirkətinin Ermənistanın Lori vilayətində yerləşən Teğut mis-molibden yatağının sahibi olduğu da bildirilir.
Eyni zamanda, bir müddət bundan əvvəl  Ermənistanın mis və molibden ehtiyatlarına görə ikinci ən böyük mədəninin -   "Kuprar RA" şirkəti tərəfindən  Rusiyanın VTB Bankından alındığı məlumdur.  Daha sonra isə "Kuprar RA" şirkətinin səhmdarlarından biri Sokolovun şirkəti oldu. Maraqlı və nəzərə alınası məqamdır. 
Qısacası,  ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) layihəyə dövlət dəstəyi təmin edir, TRIPP İnkişaf Şirkəti (TRIPP Development Company, TDC) layihələrin idarə olunması və həyata keçirilməsinə cavabdehdir, TRIPP+ investisiya fondu isə həmin layihələrin maliyyələşdirilməsini təmin edir.
Beləcə, Cənubi Qafqaz dünya kapitalının və siyasi mərkəzlərinin diqqətinin əsas nöqtələrindən birinə çevrilməkdədir.  Əminliklə qeyd etmək olar ki, TRIPP ətrafında yaradılan mexanizm klassik infrastruktur maliyyələşməsindən fərqli olaraq, dövlət dəstəyi, investisiya fondları və özəl kapitalın birgə iştirak etdiyi xüsusi maliyyə xəttinin yaradılmasına işarə edir. Bu baxımdan layihə yalnız nəqliyyat dəhlizi deyil, həm də Avrasiyanın yeni iqtisadi əlaqələr sistemində maliyyə və investisiya axınlarının istiqamətini müəyyənləşdirə biləcək platforma kimi çıxış edir.
Lakin bütün bu iqtisadi və maliyyə mexanizmlərinin arxasında əsas amil siyasi iradə və geosiyasi razılaşmalardır. Belə böyükmiqyaslı layihələrin həyata keçirilməsi yalnız maliyyə resursları ilə mümkün deyil. Regional təhlükəsizlik, tərəflər arasında siyasi anlaşma və uzunmüddətli sabitlik əsas şərtlərdir. Başqa sözlə, TRIPP- in uğuru yaradılan maliyyə modelindən daha çox, Cənubi Qafqaz və ətrafda  formalaşacaq yeni siyasi balansdan və tərəflərin öhdəliklərinə sadiqliyindən asılı olacaq. 
Paşinyanın seçki ərəfəsində və seçkilərdən sonrakı daxili proseslər fonunda arxayınçılığı da təsadüfi deyildi. Amma, yuxarıda qeyd etdiyim kimi Azərbaycan bu xəttin əsas qüvvəsidir və bundan sonrakı hadisələrin gedişatı məhz rəsmi Bakıdan asılı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31