Azərbaycan və İran universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib- ÖZƏL
10:33 Siyasətİranda səfərdə olan nümayəndə heyətimiz Ərdəbil Həftəsi çərçivəsində Mühəqqiq Ərdəbili Universitetini ziyarət edib və universitet rəhbərliyi ilə görüş keçirib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov məlumat verib: "Görüş zamanı Azərbaycan və İran arasında ali təhsil, elm və akademik əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi apardıq. Universitetlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının təşviqi, birgə elmi tədqiqatların həyata keçirilməsi, beynəlxalq konfrans və simpoziumların təşkili, eləcə də ortaq elmi nəşrlərin hazırlanması ilə bağlı məsələlər müzakirə olundu.
Qeyd edildi ki, elm və təhsil sahəsində əməkdaşlıq Azərbaycan ilə İran arasında münasibətlərin mühüm istiqamətlərindən biridir. Universitetlər arasında birbaşa əlaqələrin inkişafı, ortaq elmi layihələrin həyata keçirilməsi və gənc tədqiqatçılar üçün yeni imkanların yaradılması hər iki ölkənin akademik potensialının daha da güclənməsinə mühüm töhfə verə bilər.
Müzakirələr zamanı elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi, müasir dövrün çağırışlarına uyğun birgə tədqiqatların aparılması, innovasiya və texnologiyalar sahəsində təcrübə mübadiləsinin təşviqi, həmçinin akademik əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyəti xüsusi vurğulandı.
Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq şəraitində keçdi. Tərəflər ali təhsil və elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, universitetlər arasında institusional əlaqələrin genişləndirilməsi və birgə akademik təşəbbüslərin dəstəklənməsi istiqamətində dialoqun davam etdirilməsinin vacibliyini qeyd etdilər".