Almaniya - Azərbaycan münasibətlərində yeni mərhələ: Bəyannamə, yaşıl enerji və tranzit əməkdaşlığının strateji perspektivləri
18:32 SiyasətPrezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Berlində keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan-Almaniya münasibətlərində yeni siyasi və iqtisadi mərhələnin əsasını qoydu.
Bunu açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Jalə Əliyeva deyib.
Deputatın sözlərinə görə, səfər çərçivəsində imzalanan sənədlər və verilən bəyanatlar göstərir ki, tərəflər artıq ənənəvi iqtisadi əlaqələri daha geniş strateji əməkdaşlıq formatına keçirməyə çalışırlar. Onun fikrincə, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-logistika və investisiya sahələri bundan sonra iki ölkə arasında münasibətlərin əsas istiqamətlərini təşkil edəcək.
Jalə Əliyeva bildirib ki, səfərin ən mühüm nəticələrindən biri siyasi dialoqun institusional əsaslarının daha da möhkəmləndirilməsi olub.
"Almaniya Avropa İttifaqının aparıcı iqtisadi və siyasi gücü kimi Cənubi Qafqazda sabitliyin təmin olunmasına daha böyük maraq göstərir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan-Almaniya münasibətlərinin inkişafı təkcə ikitərəfli əlaqələrə deyil, bütövlükdə regionda əməkdaşlıq və sülhün möhkəmlənməsinə xidmət edəcək", - deyə deputat qeyd edib.
O vurğulayıb ki, enerji əməkdaşlığı münasibətlərin əsas dayağı olaraq qalır və Avropanın enerji təhlükəsizliyi gündəliyində Azərbaycanın rolu son illərdə əhəmiyyətli dərəcədə artıb.
"Almaniya kansleri Fridrix Mertsin enerji sahəsində əməkdaşlığın daha da şaxələndirilməsində maraqlı olduqlarını bəyan etməsi göstərir ki, söhbət artıq təkcə təbii qaz tədarükündən deyil, həm də bərpa olunan enerji sahəsində uzunmüddətli tərəfdaşlığın formalaşdırılmasından gedir", - deyə o bildirib.
Deputatın sözlərinə görə, münasibətlərin yeni mərhələsinin əsas istiqamətlərindən biri də yaşıl enerji əməkdaşlığıdır.
"Azərbaycan Xəzər dənizinin külək enerjisi potensialından istifadə etməklə Avropaya yaşıl elektrik ixrac etməyi strateji məqsəd kimi müəyyənləşdirib. Almaniyanın texnologiya, investisiya və innovasiya imkanları Azərbaycanın resurs potensialı ilə birləşdikdə hər iki tərəf üçün qarşılıqlı faydalı əməkdaşlıq modeli formalaşır. Avropa İttifaqının Yaşıl Enerji Dəhlizi layihəsinə dəstəyi də bunun göstəricisidir", - deyə Jalə Əliyeva əlavə edib.
O bildirib ki, tranzit və logistika sahəsi də əməkdaşlığın prioritet istiqamətlərindən birinə çevrilir.
"Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycanın Orta Dəhlizdə oynadığı rol Almaniyanın da diqqət mərkəzindədir. Azərbaycan Şərqlə Qərb arasında etibarlı logistika qovşağı kimi çıxış edir və bu marşrut Almaniya üçün də yeni iqtisadi imkanlar yaradır. Bu baxımdan Bakı ilə Berlin arasında nəqliyyat əməkdaşlığı artıq təkcə ikitərəfli deyil, həm də Avrasiya miqyasında strateji əhəmiyyət daşıyır", - deyə deputat vurğulayıb.
Jalə Əliyeva qeyd edib ki, Almaniya Azərbaycanın əsas texnologiya və sənaye tərəfdaşlarından biridir.
"Yeni mərhələdə alman şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa layihələrinə, yaşıl enerji obyektlərinə, sənaye parklarına və rəqəmsal iqtisadiyyat layihələrinə marağının artacağı gözlənilir. Bu isə investisiya əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldə bilər", - deyə o bildirib.
Deputatın fikrincə, Berlin səfəri Azərbaycan-Almaniya münasibətlərinin artıq yalnız enerji tədarükü ilə məhdudlaşmadığını nümayiş etdirdi.
"İmzalanan sənədlər və verilən siyasi mesajlar iki ölkə arasında strateji tərəfdaşlığın daha geniş məzmun aldığını göstərir. Yaşıl enerji, tranzit dəhlizləri, sənaye əməkdaşlığı, rəqəmsal inkişaf və regional sabitlik bundan sonra münasibətlərin əsas sütunlarını təşkil edəcək. Bu isə Azərbaycanın Avropanın enerji və logistika xəritəsində artan rolunu bir daha təsdiqləyir və Almaniya ilə əlaqələrin uzunmüddətli perspektivdə daha da dərinləşəcəyindən xəbər verir", - deyə Jalə Əliyeva əlavə edib.