Yaxın Şərqdə təhlükəsizlik yenidən sınaqda: ABŞ-İran gərginliyi necə nəticələnə bilər?- ÖZƏL
17:01 Siyasətİsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın İrana yeni hücumları və İranın cavab addımları fonunda artan regional gərginliyi müzakirə etmək üçün yüksək səviyyəli təhlükəsizlik iclası keçirəcək. Məlumata görə, ABŞ Yaxın Şərqdə hərbi iştirakını gücləndirir, İran isə bölgədəki ABŞ bazalarını hədəfə almaqla cavab verir.
ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsi Yaxın Şərqdə təhlükəsizlik balansına və region ölkələrinə necə təsir göstərə bilər?Mövcud vəziyyət daha genişmiqyaslı regional müharibə riskini nə dərəcədə artırır və diplomatik həll imkanları qalırmı?
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsi Yaxın Şərqdə təhlükəsizliyi bir daha sual altına atır və bu qarşıdurmanın daha da qızışması, mümkün eskalasiya region ölkələri üçün də ciddi təsirlərə səbəb ola bilər. Çünki əgər ABŞ və İsrailin İrana endirdiyi zərbələrin kəmiyyət və keyfiyyəti artarsa, İran da buna eyni şəkildə cavab verərsə, bu, artıq sadəcə üç ölkə arasındakı münaqişə olmaqdan çıxacaq.
Çünki İran birbaşa ABŞ ərazisini vura bilmir. Təbii ki, minlərlə kilometr məsafə var və İran raketləri birbaşa ABŞ-a çata bilmir. Ona görə də ABŞ-ı bölgədəki hərbi obyektlərini və xüsusən onunla müttəfiq münasibətlərdə olan ərəb ölkələrini hədəfə almaqla öz qisasını almağa çalışır. Bu zərbələr kəskinləşərsə və ərəb dövlətlərində daha ciddi fəsadlara səbəb olarsa, onların da qarşılıq verməsi ilə nəticələnə bilər. Bu isə regional müharibə riskini ortaya çıxarır.
Ancaq ikinci sualınıza gəldikdə, genişmiqyaslı müharibə riskinin hazırda yüksək olduğunu düşünmürəm. Mənə elə gəlir ki, hazırda ABŞ-ın məqsədi regional müharibə deyil. Çünki ABŞ başa düşür ki, regionda daha böyük müharibə onun öz maraqlarına da ciddi zərbə vura bilər. Məsələn, Hörmüz boğazının tamamilə bağlanması reallaşa bilər. İran eyni zamanda bölgədə internet əlaqəsini təmin edən sualtı kabel xətlərinə zərbə endirə, eləcə də beynəlxalq texnologiya şirkətlərinin ərəb ölkələrində yerləşən məlumat mərkəzlərini hədəfə ala bilər. Bu da ABŞ-ın mövqeyini sarsıda biləcək addımlardır.
Hətta bunları nəzərə almasaq belə, sırf hərbi hədəflərin vurulması belə ABŞ-ın gücünə zərbə vuran faktora çevrilə bilər. Eyni zamanda müharibə ssenarisində ABŞ məcbur qala bilər ki, quru qoşunları ilə müdaxilə etsin. Əfqanıstanda, İraqda və Vyetnamda baş verənlərə analoji yanaşsaq, görərik ki, həmin əməliyyatlar onillərlə davam etsə də, ABŞ həmin ölkələri tam şəkildə öz təsir dairəsinə çevirə bilməyib. Yəni müəyyən məqsədlərə nail olunsa da, bütün məqsədlərə çatmaq mümkün olmayıb.
İranda bunu etmək isə daha çətin görünür. Çünki İran bir çox baxımdan daha güclü və daha mürəkkəb ölkədir. Buna görə də İranda bu ssenarini reallaşdırmaq ABŞ üçün böyük sual olaraq qalır.
Ona görə də düşünürəm ki, ABŞ hazırda daha çox öz gücünü və qüdrətini nümayiş etdirməklə İran hakimiyyətini razılaşmaya sövq etməyə çalışır. Məqsəd hər şeyin diplomatik müstəvidə, dinc yollarla həll olunmasıdır. ABŞ İranın tam təslim olmasını istəyə bilər, amma bu baş verməsə belə, ən azı neytral şərtlərlə razılaşmasını və Rusiya-Çin tərəfdaşlığından daha çox Qərbin və ABŞ-ın maraqlarını nəzərə alan xarici siyasət xətti yürütməsini istəyir. Məhz İranda rejimi dəyişə bilməmək, müharibədən sonra xalqın ABŞ-ın gözlədiyi kimi kütləvi şəkildə rejimə qarşı küçələrə çıxmaması, hətta ağır zərbələrdən sonra belə rejim daxilində ciddi parçalanmanın baş verməməsi kimi amillər ABŞ-ın İran siyasətində müəyyən dəyişikliklərə səbəb olub.
Bu dəyişikliklərin əsas mahiyyəti rejimi devirmək yox, rejimlə razılaşmaq, onun ABŞ maraqlarına uyğun xarici siyasət yürütməsini təmin etmək, bu mümkün olmasa belə, ən azı neytral mövqe tutmasına nail olmaqdır. Əgər gələcəkdə bunlar baş tutmazsa və İran ABŞ-ın, eləcə də Qərbin maraqlarına uyğun, heç olmasa qismən addımlar atmazsa, o zaman ABŞ üçün hərbi əməliyyatların genişləndirilməsi və daha böyük münaqişəyə getmək məcburiyyətə çevrilə bilər".
Zeynəb Mustafazadə