"Güclü Ermənistan" bloku deputatının toxunulmazlığının ləğvi istənildi – ÖZƏL
16:42 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu "Güclü Ermənistan" blokundan olan deputat Narek Karapetyanın toxunulmazlığının ləğvi və ona qarşı cinayət işinin açılması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) yenidən vəsatət qaldırıb. Bu barədə həmin blokun digər deputatı, hüquqşünas Aram Vardevanyan məlumat verib.
Mediada işin Karapetyanın ikili vətəndaşlığını gizlətməsi və hərbi xidmətdən yayınması ilə bağlı olduğu bildirilir. Vardevanyan bu addımı siyasi təqib və hüququn kobud şəkildə pozulması adlandıraraq, MSK-nın deputatın toxunulmazlığı məsələsini həll etmək səlahiyyətinin olmadığını vurğulayıb.
Xatırladaq ki, iyunun 7-də keçirilən seçkilərdən sonra formalaşan yeni parlamentdə "Mülki Müqavilə" partiyası 64, "Güclü Ermənistan" bloku 29, "Ermənistan" bloku isə 12 mandat qazanıb. İyulun 21-də mandatlar təqdim olunub, parlamentin ilk iclası isə avqustun 3-nə təyin edilib.