Qlobal böhranın ortasında təhlükəsiz liman: İlham Əliyevin Almaniya səfəri nəyi dəyişir? – ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərdədir. Səfər çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüş keçirilib. Ştaynmayr Azərbaycanı sabitlik adası kimi qiymətləndirib. Təbii ki, bu yanaşma təsadüfi deyil. Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bu gün regionun, hətta dünyanın ən sabit ölkələrindən biri hesab olunur".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, görüşdə Azərbaycan ilə Almaniya arasında təbii qaz ixracı, iqtisadi münasibətlər, sərmayələr və Orta Dəhlizin perspektivləri müzakirə olunub. Bunlar həm Azərbaycanın, həm də Almaniyanın maraqlarına cavab verən məsələlərdir. Xüsusilə Azərbaycanın Almaniyaya qaz ixracı və Orta Dəhliz faktoru ikitərəfli münasibətlərdə mühüm rol oynayır. Bu, eyni zamanda Azərbaycanın Avropada getdikcə artan nüfuzunun göstəricisidir. Son bir ildə Avropa ilə Azərbaycan arasında qarşılıqlı yüksək səviyyəli səfərlər daha da intensivləşib. Həm Avropa İttifaqının rəhbərləri, həm də ayrı-ayrı Avropa dövlətlərinin rəhbərləri Azərbaycana səfər edir, eyni zamanda Azərbaycan Prezidenti də rəsmi səfərlərə dəvət olunur. Avropa ölkələri Azərbaycanla iqtisadi və ticarət sahələrində əməkdaşlıqda böyük maraq göstərirlər. Bu, Azərbaycanın siyasi nüfuzunun, iqtisadi potensialının və etibarlı enerji təchizatçısı kimi rolunun yüksək qiymətləndirilməsinin göstəricisidir. Almaniya hazırda ciddi enerji problemləri ilə üz-üzədir. Kansler Fridrix Merz də yerli mətbuata müsahibəsində etiraf edib ki, Rusiya qazından imtina Almaniya iqtisadiyyatına ciddi təsir göstərib və iqtisadi çətinliklərin əsas səbəblərindən biri enerji təminatındakı problemlərdir. Belə bir şəraitdə Almaniyanın sabit və etibarlı enerji təchizatçısı olan Azərbaycanla əməkdaşlığı genişləndirməsi tamamilə onun milli maraqlarına uyğundur. Azərbaycan bu gün etibarlı tərəfdaş kimi Almaniyanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər. Məhz buna görə də Almaniya Azərbaycanla münasibətlərin daha da gücləndirilməsində maraqlıdır. Eyni zamanda bu əməkdaşlıq Azərbaycanın da milli maraqlarına cavab verir. Tərəflər bu istiqamətdə məsələləri müzakirə edir və ikitərəfli tərəfdaşlığın strateji əhəmiyyətini əks etdirən sənədlərin imzalanması da bu münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.

"Orta Dəhliz məsələsinə gəldikdə isə, bu layihənin əhəmiyyəti son hadisələr fonunda daha da artıb. ABŞ-İran qarşıdurması və Hörmüz boğazında yaranan gərginlik göstərdi ki, Azərbaycan logistika mərkəzi kimi olduqca mühüm və etibarlı mövqeyə malikdir. Bir müddət əvvəl heç kim təsəvvür etməzdi ki, Hörmüz boğazının bağlanması ehtimalı dünya enerji bazarında belə ciddi narahatlıq yarada bilər. Halbuki dünya neft və qaz tədarükünün əhəmiyyətli hissəsi məhz bu marşrutdan keçir və burada yaranan hər hansı problem qlobal enerji böhranı riski yaradır. Bu baxımdan Orta Dəhliz alternativ və təhlükəsiz logistika marşrutu kimi xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə də oxşar geosiyasi risklərin yaranmayacağına heç kim zəmanət verə bilməz. Buna görə də Azərbaycan üzərindən keçən Orta Dəhliz Avropa, xüsusilə də Avropanın aparıcı dövlətlərindən biri olan Almaniya üçün strateji əhəmiyyət kəsb edir. Bütün bunlar göstərir ki, Azərbaycanın həm Avropa, həm də qlobal səviyyədə siyasi, iqtisadi və geostrateji əhəmiyyəti getdikcə artır. Bu proses Azərbaycanın regionda, Cənubi Qafqazda və beynəlxalq müstəvidə nüfuzunun və rolunun daha da güclənməsinə xidmət edir", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31