Britaniya ilə strateji əməkdaşlıq: Enerjidən kənar yeni imkanlar- ÖZƏL
15:41 SiyasətPrezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhemə ünvanladığı təbrik məktubunda Azərbaycanın Birləşmiş Krallıqla münasibətlərin hərtərəfli inkişafına xüsusi önəm verdiyini bildirib. Dövlət başçısı iqtisadi-ticari əməkdaşlığın dinamikasını və enerji sahəsində strateji tərəfdaşlığın daha da dərinləşməsini yüksək qiymətləndirib.
Azərbaycan-Böyük Britaniya münasibətlərində enerji əməkdaşlığından əlavə hansı istiqamətlərdə strateji tərəfdaşlığın genişlənməsi gözlənilir? Bu münasibətlərin dərinləşməsi Azərbaycanın regiondakı geosiyasi mövqeyinə və Avropa ilə əməkdaşlığına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Azərbaycan və Böyük Britaniya arasında sıx əlaqələr mövcuddur və dövrün siyasi, iqtisadi tələblərindən doğan zərurətlərə görə də bu münasibətlər daha da inkişaf etməkdədir.
Azərbaycan və Böyük Britaniya arasında enerji əməkdaşlığı yaşıl enerji keçidini, xüsusilə dəniz külək və günəş enerjisini sürətləndirir və Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi kimi transmilli layihələri dəstəkləyir. Təkcə enerji sahəsində deyil, siyasi, diplomatik, iqtisadi yöndə də hər iki ölkə arasında yeni əlaqələrin istiqamətinin müəyyən olunması aktualdır. Bu strateji tərəfdaşlıq həmçinin Azərbaycanın Avropa İttifaqı üçün etibarlı və mühüm tərəfdaş statusunu gücləndirir. Britaniyanın BP şirkəti ənənəvi neft-qaz sektoru ilə yanaşı, Azərbaycanda Günəş Elektrik Stansiyalarının tikintisində fəal iştirak edir ki, Cəbrayıl rayonunda bu proses gedir. Həmçinin Böyük Britaniyanın müvafiq şirkətləri ilə Azərbaycan şirkətləri arasında sualtı kabel və infrastruktur layihələri üzrə əməkdaşlıq sənədləri imzalanıb. Britaniya şirkətlərinin dəstəyi ilə Azərbaycanın külək enerjisi potensialının reallaşdırılması və sıfır emissiya hədəflərinə çatmaq istiqamətində texnologiya transferi təmin edilir. Bütün bu əlaqələrin Azərbaycanın Avropa ilə münasibətlərinə də müsbət təsirləri var. Azərbaycan Avropanın təbii qaz təchizatındakı əsas rolunu qoruyub saxlamaqla yanaşı, Avropanın enerji bazarına bərpa olunan elektrik enerjisi də ötürməyə başlayacaq. Tərəflər arasında yeni "Tərəfdaşlıq və Əməkdaşlıq Sənədi"nin imzalanması kimi proseslər ümumi Avropa məkanında Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artırır. Azərbaycanın Avropaya birbaşa qaz təchizatı məsələn, İtaliya, Almaniya, Avstriya və digər ölkələr də daxil olmaqla qitənin enerji böhranlarına qarşı dayanıqlığını dəstəkləyir. Bu mənada Azərbaycanın Britaniya ilə əlaqələrinin inkişafı ümumilikdə Avropa ilə münasibətlərində də etimadı qoruyub saxlamağa bir vəsilədir. Enerji əməkdaşlığından əlavə regional siyasi maraqlarda da strateji tərəfdaşlıq möhkəmlənməkdədir. Azərbaycanın regiondakı geosiyasi mövqeyini möhkəndirən bu amillər eyni zamanda Avropanın da Azərbaycana ehtiyacı olduğunu bir daha ortaya qoyur".
Zeynəb Mustafazadə