12 milyardlıq qalmaqalda Priqojin izi – FTX hərəkətə keçdi
14:24 SiyasətRusiyada sanksiyalardan yan keçərək ölkəyə xarici təyyarə mühərrikləri və aviasiya ehtiyat hissələri gətirən ən böyük təchizatçılardan biri - "Protektor" şirkətlər qrupu ətrafında böyük qalmaqal başlayıb. Şirkətin bütün ofis və strukturlarında Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən genişmiqyaslı axtarışlar aparılıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, əməliyyat "Rosaviasiya" xətti ilə xaricdən aviasiya ehtiyat hissələrinin alınmasına ayrılmış 12 milyard rublun mənimsənilməsi ilə bağlı cinayət işi çərçivəsində həyata keçirilib.
Axtarışlardan sonra "Protektor"un sahibi Pavel Provotorovun anası, şirkətlər qrupunun baş mühasibi və kommersiya direktoru saxlanılıb və məhkəmənin qərarı ilə həbs ediliblər. Şirkətin səhmlərinin Provotorovun anasının adına rəsmiləşdirildiyi bildirilir.
Pavel Provotorovun özünün isə hazırda Tailandda yaşadığı qeyd olunur.
İstintaq çərçivəsində "Protektor"un təhlükəsizlik xidmətinin keçmiş rəhbəri, əvvəllər Moskva üzrə Daxili İşlər Baş İdarəsinin Daxili Təhlükəsizlik İdarəsinə rəhbərlik etmiş general Konstantin Stroqanov və şirkətin təhlükəsizlik xidmətində çalışan çoxsaylı keçmiş Rusiya DİN əməkdaşları da dindirilib. Bir müddət "Protektor"un təhlükəsizlik məsələləri üzrə məsləhətçisi DİN-in İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəhbəri Denis Suqrobov olub.
Məlumata görə, qalmaqalın mərkəzindəki 12 milyard rubl "Rosaviasiya" və Rusiyanın ən böyük aviaşirkətləri tərəfindən qapalı tenderlərdən sonra sanksiyalardan yan keçməklə xarici aviasiya ehtiyat hissələrinin alınmasına ayrılıb. Həmin hissələrin Rusiyaya hələ bir il əvvəl çatdırılması nəzərdə tutulsa da, bu baş verməyib.
Cinayət işini Moskva üzrə DİN Baş İstintaq İdarəsi aparır, əməliyyat müşayiətini isə Rusiya FTX-nin "T" İdarəsi həyata keçirir.
Mənbə yazır ki, Ukraynada müharibə başlamazdan əvvəl Pavel Provotorov nisbətən kiçik miqyasda və mənşəyi şübhəli aviasiya ehtiyat hissələrinin tədarükü ilə məşğul olub. Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra isə onun biznesinə tələbat kəskin şəkildə artıb. Bu dövrdə Provotorovun FSB ilə sıx əlaqələri olan bir sıra şəxslərlə yaxın münasibətlər qurduğu iddia edilir.
Materialda daha bir diqqətçəkən iddia irəli sürülür. Yevgeni Priqojinin 2023-cü ildə qəzaya uğrayan təyyarəsinə quraşdırılmış turbosoyuducunun məhz "Protektor" şirkətlər qrupu tərəfindən tədarük edildiyi bildirilir. Mənbə həmin qurğuya bomba yerləşdirilmiş ola biləcəyinə dair versiyanın mövcudluğunu da xatırladır.