Milli medianın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib- ÖZƏL

"Milli mətbuatın yaranması Azərbaycan cəmiyyətində yeni ictimai münasibətlərin formalaşdığı, elmə, təhsilə və milli oyanışa marağın artdığı bir dövrə təsadüf edirdi. Həsən bəy Zərdabi yaxşı anlayırdı ki, xalqın tərəqqisinin əsasında maarif dayanır. Buna görə də "Əkinçi" qəzeti yalnız xəbərlər yayan nəşr deyil, milli düşüncəni formalaşdıran, ana dilini qoruyan və cəmiyyətə yeni ideyalar aşılayan bir məktəb idi. Qəzetin yaratdığı ənənə sonrakı onilliklərdə Azərbaycan jurnalistikasının inkişaf istiqamətini müəyyənləşdirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: 

"Milli mətbuatın sonrakı inkişaf mərhələləri Azərbaycan xalqının ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklərlə sıx bağlı olmuşdur. Müxtəlif dövrlərdə fəaliyyət göstərən qəzet və jurnallar milli şüurun formalaşmasına, Azərbaycan dilinin inkişafına, azadlıq ideyalarının yayılmasına və milli-mənəvi dəyərlərin qorunmasına mühüm töhfələr vermişdir. Məhz bu zəngin irs müasir Azərbaycan mediasının möhkəm təməlini təşkil edir.

Müstəqillik illərində milli medianın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində fundamental addımlar atılmış, 1998-ci ilin avqustunda dövlət senzurasının ləğvi ilə medianın sərbəst fəaliyyəti üçün yeni imkanlar yaradılmışdır. Bununla yanaşı, hüquqi bazanın təkmilləşdirilməsi, media subyektlərinin fəaliyyətinin dəstəklənməsi və jurnalistlərin peşə fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.

Prezident İlham Əliyev tərəfindən bu siyasət müasir dövrün tələblərinə uyğun yeni məzmunla zənginləşdirilmişdir. Son illərdə media sahəsində aparılan islahatlar dövlətin informasiya təhlükəsizliyini milli təhlükəsizliyin mühüm komponentlərindən biri kimi qiymətləndirdiyini nümayiş etdirir. Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" Qanunun qəbul olunması, media subyektləri üçün vergi güzəştlərinin tətbiqi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və peşəkar fəaliyyətin stimullaşdırılması bu sahəyə göstərilən diqqətin bariz ifadəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31