Qazaxın 2 kəndi gündəmdə: Delimitasiya prosesi necə təsirlənəcək? – ÖZƏL

Ermənistanda Qazax rayonunun işğal altında olan Sofulu və Bərxudarlı eksklav kəndlərinin Azərbaycana qaytarılması məsələsi yenidən gündəmə gəlib. Keçmiş ombudsman Arman Tatoyan və erməni ekspertlər bu kəndlərin qaytarılmasının Ermənistanın Tavuş bölgesindəki nəqliyyat, kommunikasiya xətləri və təhlükəsizlik mövqelərinə ciddi təsir edəcəyindən narahatlıqlarını bildiriblər. Rəsmi Bakı isə mövqeyində qətidir: söhbət yeni ərazi iddiasından deyil, beynəlxalq hüquqa əsasən Azərbaycanın suveren torpaqlarının və hüquqi statusunun bərpasından gedir.

Ermənistan daxilindəki bu narahatlıq delimitasiya prosesini ləngidə bilərmi? Bu ərazilərin qaytarılmaması mümkündürmü? 

"Bu məsələ hazırda Ermənistan siyasi müzakirələrinin mərkəzində olan real bir gündəm mövzusudur, amma prosesin nəticəsi hələ qeyri-müəyyəndir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, bu narahatlıqlar əsassız deyil, praktiki baxımdan real çətinliklər mövcuddur. Sofulu-Bərxudarlı eksklavı Tavuş vilayətinin şimal-cənub magistral yolu ilə kəsişir; Aygehovit-Nerkin Karmiraghbyur sektorunu İcevana bağlayan yol bu ərazidən keçir. Əgər bu yol bağlanarsa, yerli sakinlər Ayqehovitdən Azamuta çatmaq üçün H36 magistralı ilə 81 km əlavə məsafə qət etməli olacaqlar (halbuki iki kənd arasında məsafə cəmi 5 km-dir). Bu, ombudsman Tatoyanın və digər ekspertlərin "sadəcə torpaq deyil, infrastruktur və təhlükəsizlik məsələsidir" arqumentinin əsasını təşkil edir.

"Nəticə olaraq onu deyə bilərik ki, proses dayandırılmayıb, amma sürətlənməsi də gözlənilmir, narahatlıqlar gecikdirməyə səbəb ola bilər, prinsipial rədd isə hazırkı çərçivədə çətin görünür", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31