YAP öz fəaliyyətində daim milli maraqları prioritet hesab edib- ÖZƏL
10:47 Siyasət"Ölkəmizin dövlət müstəqilliyini yenidən bərpa etdiyi, mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın sabitlik, inkişaf və milli həmrəylik arzularının təcəssümü idi". "Olaylar" xəbər verir ki, bunu YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib: "Bu mühüm addımın davamı olaraq, 1993-cü ilin iyul ayında YAP Xəzər rayon təşkilatının təsis konfransı keçirilmiş və bununla da təşkilat rəsmi fəaliyyətə başlamışdır. 33 il ərzində YAP Xəzər rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal mövqe nümayiş etdirmiş, ölkədə həyata keçirilən siyasi kursun rayon səviyyəsində dəstəklənməsi və təbliği istiqamətində mühüm rol oynamışdır.
Ümummilli Lider Heydər Əliyevin müdrik ideyaları, siyasi iradəsi və uzaqgörən qərarları nəticəsində formalaşan Yeni Azərbaycan Partiyası bu günə qədər şərəfli və zəngin inkişaf yolu keçmişdir. Ölkəmizin ən güclü və ən mütəşəkkil siyasi qüvvəsi kimi tanınan YAP öz fəaliyyətində daim milli maraqları prioritet hesab edərək dövlətçilik ənənələrinin qorunmasına və möhkəmləndirilməsinə töhfə verir. Bu gün həmin milli maraqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədə təmin olunur. Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətlər və mühüm uğurlar dövlət başçısının dəqiq planlaşdırılmış və mərhələli şəkildə həyata keçirdiyi strateji addımların, eləcə də onun hərbi-siyasi uzaqgörənliyinin real nəticəsidir".