Eldəniz Əmirov: “20 illik enerji sazişi uzunmüddətli gəlirlərin və dayanıqlılığın qarantıdır” – ÖZƏL
20 İyul 18:29 SiyasətGürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla təbii qaz tədarükü, elektrik enerjisinin təchizatı və tranzitinə dair mayın 18-də Bakıda imzalanmış iki sazişi təsdiqləyib. İyulun 15-dən rəsmi qüvvəyə minən 20 illik müqavilələr yalnız kommersiya xarakteri daşımayıb, qarşıdakı iki onillikdə regionun təhlükəsizlik arxitekturasını müəyyən edir.
Bu 20 illik sazişlər Azərbaycan və Gürcüstanın ümumi iqtisadi artımına və daxili enerji bazarlarına necə təsir göstərəcək? İki ölkə arasındakı bu uzunmüddətli enerji ittifaqı Cənubi Qafqazın geosiyasi risklərini və tranzit gəlirlərini necə dəyişəcək?
"20 illik, yəni uzunmüddətli sazişlər bilavasitə uzunmüddətli gəlirlərin qarantı rolunu oynayır və bu gəlirlərin sabitliyini təmin edir".
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. İqtisadçı bildirib ki, Gürcüstanın enerji təchizatında Azərbaycanın mühüm rol oynaması eyni zamanda bu ölkənin enerji təminatının daha dəqiq proqnozlaşdırılmasına imkan yaradacaq. Bununla yanaşı, həm Azərbaycan, həm də Gürcüstan üçün enerji sektoru üzrə investisiyalar baxımından əlverişli mühit daha da möhkəmlənəcək. Əslində, bu mühit artıq mövcuddur. Söhbət yeni investisiya mühitinin formalaşmasından deyil, mövcud əlverişli investisiya mühitinin dayanıqlılığının təmin olunmasından gedir. Bu səbəbdən tranzit və enerji infrastrukturu layihələrinə yeni investisiyaların cəlb edilməsi mümkün olacaq. Belə müsbət təsirləri çox sadalamaq olar. Müxtəlif sənaye müəssisələrinin enerji təchizatında sabitlik təmin ediləcək, büdcə daxilolmalarına müsbət təsir göstərəcək, uzunmüddətli məşğulluq imkanlarının genişlənməsinə şərait yaradacaq və s.
"O ki qaldı Cənubi Qafqazın geosiyasi risklərinə və bu prosesin tranzit gəlirlərinə necə təsir göstərəcəyinə, hesab edirəm ki, burada böyük ölçüdə ciddi dəyişiklik gözlənilmir. Çünki Gürcüstan onsuz da Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycanın ixrac etdiyi həm neft, həm qaz, həm də Orta Dəhliz çərçivəsində dəmir yolu və avtomobil yolu ilə həyata keçirilən logistik daşımalar məhz Gürcüstan üzərindən reallaşır. Eyni zamanda alternativ enerji strategiyasının əsas elementlərindən biri olan Xəzər dənizi-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi də Gürcüstan üzərindən nəzərdə tutulub. Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan tərəfindən imzalanmış memoranduma qoşulan dörd tərəfdən biri də Gürcüstan olub. Bu baxımdan, köklü şəkildə nəyinsə dəyişəcəyini və ya əhəmiyyətli artım yaradacağını demək doğru olmaz. Mən bunu belə ifadə edərdim: bu proses mövcud əməkdaşlığın zəifləməsinə imkan verməyəcək. Çünki bu əməkdaşlıq artıq mövcuddur. Sadəcə, bəzi müqavilələr yenilənir, bəzilərinə əlavələr edilir, müəyyən şərtlər dəyişdirilir və yeni reallıqlara uyğun şəkildə yenidən nəzərdən keçirilir. Azərbaycan isə regional enerji mərkəzi kimi məhz imzalanan 20 illik sənəd sayəsində öz mövqeyini daha da gücləndirəcək. Eyni zamanda Orta Dəhlizin iqtisadi və geosiyasi çəkisi də daha da möhkəmlənəcək", - deyə iqtisadçı əlavə edib.
Səidə Ramazanova