Vaşinqtonun İrandakı 3 əsas məqsədi – Siyasi şərhçidən AÇIQLAMA ÖZƏL

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hərbi və strateji obyektlərə qarşı yeni, genişmiqyaslı hücum dalğasına başlayıb. Cavab olaraq Tehran rəhbərliyi bəyan edib ki, hücumlar 2-3 gün ərzində davam edərsə, İran müdafiədən "tam məhvetmə" mərhələsinə keçəcək və region daxilindəki, eləcə də kənardakı bütün ABŞ hərbi bazalarını hədəf alacaq.

"Sonuncu dəfə müharibə başa çatdıqdan sonra da artıq bəlli idi ki, qarşıdurmanın yeni dalğası başlaya bilər. Ümumilikdə görünür ki, ABŞ üçün İrana qarşı hərbi kampaniya tam başa çatmayıb və Tramp administrasiyasının niyyəti bu prosesi mərhələli şəkildə davam etdirməkdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, burada ABŞ-nin bir neçə əsas məqsədi var: "Ən başlıca məqsəd İranda hakimiyyət dəyişikliyinə nail olmaq, mövcud siyasi sistemi sıradan çıxarmaq və ABŞ ilə əməkdaşlığa meyilli yeni hakimiyyətin formalaşmasına şərait yaratmaqdır. Məqsəd odur ki, hakimiyyətə gələcək qüvvələr nə İsrailə, nə də ABŞ-yə qarşı düşmən mövqedə olsun. Eyni zamanda, ABŞ şirkətlərinin İranın neft sektorunda fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradılsın. İkinci məqsəd İranın nüvə proqramından imtina etməsinə nail olmaqdır. ABŞ həyata keçirdiyi hərbi və siyasi təzyiqlərlə bu nəticəni əldə etməyə çalışır. Üçüncü məqsəd isə İranın uzaqmənzilli raket proqramından imtina etməsini təmin etməkdir. Lakin əvvəlki əməliyyatların, xüsusilə də son müharibənin nəticələrinə baxdıqda görünür ki, ABŞ İranla bağlı qarşıya qoyduğu hədəflərə tam nail ola bilməyib. Buna görə də əməliyyatların növbəti mərhələsinin həyata keçirilməsi ehtimalı qalır. Böyük ehtimalla, yaxın dövrdə ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyatlara başlamasının şahidi ola bilərik".

Ekspertin sözlərinə görə, belə bir ssenaridə İranın da əvvəlki müharibə dövründə olduğu kimi, bölgədə yerləşən ABŞ hərbi bazalarına qarşı hücumlarını bərpa etməsi mümkündür. Xüsusilə Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazaları əsas hədəflərdən biri ola bilər. Bundan başqa, ABŞ-nin iştirak etdiyi enerji layihələri və infrastrukturu da potensial hədəflər sırasında yer ala bilər. İran ABŞ-yə qarşı cavab tədbirləri görəcəyi təqdirdə, bu obyektlərə hücum ehtimalı istisna deyil. Möhsün Rzainin verdiyi açıqlamalar da əsasən bunu göstərir ki, İran mümkün ssenarilərə qarşı cavab tədbirləri hazırlayır. Çünki ABŞ tərəfindən yeni hücum ehtimalı gözlənilir. Yaxın gələcəkdə ABŞ və İsrailin yenidən İrana qarşı hərbi əməliyyatlara başlaması, İranın isə buna cavab olaraq ABŞ və İsrailə qarşı əks-hücum tədbirləri həyata keçirməsi ehtimalı nəzərdən keçirilə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31