Müasir dövrdə medianın üzərinə ciddi məsuliyyət düşür- ÖZƏL
10:45 Siyasət"Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumu beynəlxalq informasiya məkanında mühüm hadisə kimi yadda qaldı. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan Forum dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirdi. Forumun əsas məqamlarından biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə iştirakı və iştirakçıların çoxsaylı suallarını cavablandıraraq regionda və dünyada baş verən proseslərlə bağlı ətraflı fikirlərini bölüşməsi oldu". "Olaylar" xəbər verir ki, bunu YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov deyib:
"Şuşada keçirilən bu Forum təkcə media sahəsində əməkdaşlığın müzakirə olunduğu platforma deyil, həm də Azərbaycanın beynəlxalq ictimaiyyətə öz mövqeyini açıq və əsaslandırılmış şəkildə çatdırdığı mühüm dialoq məkanı kimi çıxış etdi. Prezident İlham Əliyevin cavabları Azərbaycanın xarici siyasətinin prioritetlərini, regional əməkdaşlığa yanaşmasını, sülh gündəliyini və informasiya təhlükəsizliyi məsələlərinə baxışını əhatə etdi.
Dövlət başçısı çıxışında ilk növbədə müasir dövrdə medianın üzərinə düşən məsuliyyətə toxunaraq bildirdi ki, dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyaları qlobal təhlükələrdən birinə çevrilib. Belə bir şəraitdə medianın əsas vəzifəsi həqiqəti qorumaq, cəmiyyətlər arasında etimadın formalaşmasına töhfə vermək və obyektiv informasiya təqdim etməkdir. Prezident qeyd etdi ki, media qarşıdurmanı deyil, dialoqu və qarşılıqlı anlaşmanı təşviq etməlidir.
Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırarkən Cənubi Qafqazda formalaşan yeni reallıqlar barədə də ətraflı danışdı. Bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib, bölgədə yeni siyasi və iqtisadi mərhələ başlayıb. Bu reallıqların qəbul edilməsi regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın əsas şərtidir".