Azərbaycan və Slovakiya sülh və rifaha yönələn fəaliyyətlərə töhfə verirlər- ÖZƏL
10:38 Siyasət"Azərbaycan və Slovakiya arasında yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə və uğurla davam etməkdədir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi siyasi və iqtisadi təmasları daha da artırmaqdadır. Tərəflərin ortaq maraqlara xidmət edən təşəbbüsləri əməkdaşlıq formatını əsas gündəliyə çevirərək regionda yeni yaradılan enerji-kommunikasiya və nəqliyyat xətlərində birgə təmsil olunmaq iradəsini əks etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib:
"Azərbaycan və Slovakiya qlobal və regional platformalarda da birgə mövqe nümayiş etdirərək sülh və rifaha yönələn qətiyyətli fəaliyyətlərə töhfə verirlər. İki dövlət arasında 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və digər mühüm sənədlər ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi baza yaradaraq dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə çatdırıb.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin iyulun 14-də Azərbaycana rəsmi səfəri strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirməklə, çoxşaxəli əməkdaşlıq üçün güclü zəmin yaradır. Cənab Pelleqrininin Azərbaycanın zəfər simvollarından biri olan mədəniyyət paytaxtımız olan Şuşa şəhərində rəsmi qarşılanma mərasimi isə xüsusi rəmzi məna daşımaqla Slovakiya və onun dövlət başçısına olan hörmətin ifadəsi hesab edilə bilər. Slovakiya Prezidentinin onu müşayiət edən hökumət üzvlərindən ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana gəlişi ikitərəfli gündəliyin kifayət qədər geniş və çoxşaxəli olmasını göstərir.
Prezidentlər arasında keçirilən geniş tərkibdə görüş zamanı verilən mesajlar da münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkələrimiz arasında fəal dialoq mövcuddur, hər iki ölkə əlaqələrin irəliləməsi və görmək istədiyi istiqamətlərdə birgə və ardıcıl iradə nümayiş etdirir".
Alim Hüseynli