Azərbaycan Avrasiya məkanında mövqeyini daha da möhkəmləndirib- ÖZƏL

"Müasir beynəlxalq münasibətlər sistemində informasiya təhlükəsizliyi, media diplomatiyası və qlobal kommunikasiya dövlətlərin siyasi nüfuzunun, beynəlxalq əməkdaşlığının və strateji mövqeyinin formalaşmasında mühüm rol oynayır. Sürətlə dəyişən geosiyasi proseslər, rəqəmsallaşmanın yaratdığı yeni çağırışlar və informasiya mühitində artan rəqabət şəraitində media platformaları təkcə fikir mübadiləsi deyil, həm də dövlətlərin mövqelərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən IV Şuşa Qlobal Media Forumu artıq qlobal informasiya gündəliyinin vacib platformalarından birinə çevrilmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib: 

"Forumun açılışında çıxış edən dövlət başçısı vurğulamışdır ki, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən-ilə artır və bu, tədbirə olan beynəlxalq marağın göstəricisidir. Azərbaycanın, xüsusilə də işğaldan azad edilmiş Qarabağın və Şuşanın belə nüfuzlu auditoriyanı qəbul etməsi ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndiyini, regionun isə sülh, əməkdaşlıq və dialoq məkanına çevrildiyini nümayiş etdirir.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın regional və qlobal geosiyasi proseslərdə oynadığı rol geniş şəkildə təhlil edilmiş, ölkəmizin strateji əhəmiyyəti konkret faktlar əsasında əsaslandırılmışdır. Dövlət başçısı qeyd etmişdir ki, qonşularla qarşılıqlı etimada və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlər olmadan heç bir ölkənin etibarlı tranzit mərkəzinə çevrilməsi mümkün deyil. Məhz bu prinsipə əsaslanan siyasət nəticəsində Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçısına çevrilmiş, Avrasiya məkanında etibarlı logistika və enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirmişdir".

Alim  Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31