Yeni geosiyasi xətt: Azərbaycan, Türkiyə və İraq Kürdüstanı hansı layihələrdə birləşir? – ÖZƏL

"Azərbaycan-Türkiyə-İraq Kürdüstanı formatı artıq formalaşmağa başlayan əməkdaşlıq platformalarından biridir. Bu formatın yaranmasının əsas səbəbləri bugünkü qlobal geosiyasi və geoiqtisadi proseslərlə bağlıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, geoiqtisadi baxımdan bu əməkdaşlıq gələcəkdə Azərbaycana bir sıra üstünlüklər vəd edə bilər. Ən vacib məqamlardan biri  Azərbaycanın Yaxın Şərqə çıxış imkanlarının genişlənməsidir. Hazırda İraqda yenidənqurma prosesi gedir və İraq Kürdüstanı ölkənin ən sabit, təhlükəsiz və inkişaf edən bölgələrindən biri hesab olunur. Bu baxımdan Azərbaycanın həmin regionda təmsil olunması, onun inkişafına töhfə verməsi, eyni zamanda Ərbillə siyasi və iqtisadi münasibətlərini daha da gücləndirməsi mühüm əhəmiyyət daşıyır. Qarabağda həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri Azərbaycana ciddi təcrübə qazandırıb. Azərbaycan bu təcrübədən istifadə edərək İraq Kürdüstanında da müxtəlif layihələrin icrasında iştirak edə bilər. Burada tikinti, logistika, energetika və infrastruktur sahələrinə investisiyaların qoyulması, eləcə də azərbaycanlı iş adamlarının müxtəlif layihələrdə iştirak etməsi mümkündür. Digər mühüm məsələ isə Orta Dəhlizin inkişafıdır. Bu dəhlizin gələcəkdə daha geniş istifadəsi Azərbaycanın Yaxın Şərqdə mövqelərinin güclənməsinə şərait yarada bilər. Türkiyə, Suriya və İraq istiqamətində formalaşacaq nəqliyyat və logistika xətləri Azərbaycanın yeni bazarlara çıxış imkanlarını artıracaq. Bildiyiniz kimi, Orta Dəhliz hazırda ən aktual geoiqtisadi layihələrdən biridir və Azərbaycan bu marşrut vasitəsilə alternativ bazarlara çıxış yollarını genişləndirməyə çalışır. Bu baxımdan İraq da Azərbaycan üçün Yaxın Şərqdə yeni bazarlardan birinə çevrilə bilər.

Ekspert qeyd edib ki, iqtisadi əməkdaşlığın inkişafı siyasi münasibətlərin də daha da möhkəmlənməsinə səbəb ola bilər. Hazırda Ərbillə Azərbaycan arasında münasibətlər inkişaf etməkdədir və burada Türkiyənin rolu da kifayət qədər önəmlidir. Türkiyə regionda təsir imkanlarını qoruduğu müddətdə Azərbaycanın da həmin bölgədə fəaliyyət göstərməsi və əməkdaşlığını genişləndirməsi üçün əlverişli şərait formalaşa bilər. Ümumilikdə, Azərbaycan-Türkiyə-İraq Kürdüstanı formatı həm iqtisadi, həm siyasi baxımdan perspektivli görünür. Bu əməkdaşlıq çərçivəsində logistika, energetika, infrastruktur və investisiya sahələrində mühüm layihələrin həyata keçirilməsi mümkündür. Bütün bunlar gələcəkdə həm iqtisadi əlaqələrin genişlənməsinə, həm də Azərbaycanla İraq Kürdüstanı arasında siyasi münasibətlərin daha da möhkəmlənməsinə töhfə verə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31