"Rusiyadakı yanacaq böhranının bizə birbaşa təsiri yoxdur" – ÖZƏL
16:38 SiyasətRusiyada yanacaq qıtlığı narahatlığının artması və qlobal enerji bazarındakı qeyri-sabitlik regionda yeni risklər yaradır. Əvvəllər bir sıra qonşu dövlətlər yanacağı Rusiyadan idxal etdiyi halda, hazırda vəziyyət dəyişib və Rusiya özü region ölkələrindən yanacaq almağa başlayıb. Tədarük problemləri, qiymət dalğalanmaları və geosiyasi gərginlik fonunda baş verən bu proseslərin Azərbaycana mümkün təsirləri getdikcə daha çox aktuallıq qazanır.
Maraqlıdır, yaranmış vəziyyət ölkəmizin yanacaq bazarına və qiymətlərə necə təsir edə bilər? Bunun birbaşa və yaxud da dolayı təsirləri ola bilərmi?
"İndiki şəraitdə Rusiyadakı yanacaq qıtlığının Azərbaycana birbaşa təsiri olmayacaq və belə bir təsir də gözlənilmir. Çünki Azərbaycan Rusiyadan ümumiyyətlə benzin və ya dizel idxal edən ölkə deyil. Bu prosesdən ən çox zərər görəcək ölkələr Rusiyadan benzin və ya dizel alan dövlətlər olacaq".
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. İqtisadçı bildirib ki, Azərbaycan daxili tələbatını əsasən öz istehsalı hesabına ödəyir və bəzi hallarda hətta neft və neft məhsulları ixrac edən ölkə kimi çıxış edir. Ona görə də Rusiyada baş verən yanacaq qıtlığı, benzin və dizel təchizatı ilə bağlı problemlər ilk növbədə həmin ölkənin daxili bazarında çətinliklər yaradır. Bununla belə, proses uzanarsa, müəyyən müddətdən sonra dolayı yollarla Azərbaycana da təsir göstərə bilər. Rusiyadakı yanacaq qıtlığının davam etməsi Rusiyadan yanacaq idxal edən ölkələrdə böhranı daha da dərinləşdirə bilər. Nəticə etibarilə dünya bazarında qiymətlərin artması mümkündür. Dünya bazarında qiymətlərin bahalaşması isə dolayı yolla Azərbaycanın idxal etdiyi premium markalı benzinin qiymətinə təsir göstərə bilər. Lakin bu təsirin ciddi olacağı gözlənilmir. Yaxın perspektivdə Rusiyadakı yanacaq qıtlığının Azərbaycana hər hansı əhəmiyyətli təsiri gözlənilmir. Uzunmüddətli dövrdə isə, əgər proses davam edərsə və dünya bazarında ümumi bahalaşma baş verərsə, bu, dolayı şəkildə Azərbaycana da təsir edə bilər. Bununla belə, Azərbaycanın öz daxili bazarını benzin və dizellə təmin etmək potensialı olduğuna görə, xarici bazarlarda baş verən qiymət artımları dərhal ölkənin daxili bazarında hiss olunmayacaq. Bir sözlə, dünya bazarındakı mümkün bahalaşma amilini nəzərə almasaq, Rusiyada yaranan yanacaq qıtlığının Azərbaycana birbaşa təsiri olmayacaq.
Səidə Ramazanova