Bəhruz Quliyev: "Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşı və geosiyasi sabitlik amilidir" – ÖZƏL
14:27 Siyasət"Azərbaycan ilə Slovakiya arasında münasibətlərin son illərdə yüksələn xətlə inkişaf etməsi təsadüfi deyil. 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu əlaqələri yeni mərhələyə daşıdı və artıq iki ölkə arasında əməkdaşlıq təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də Avropanın enerji təhlükəsizliyi, Cənubi Qafqazda sülh gündəliyi və regional iqtisadi inteqrasiya baxımından strateji məzmun qazanıb. Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfərinin məhz Şuşadan başlaması olduqca mühüm siyasi və diplomatik mesajdır. Bu, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və Qarabağda həyata keçirilən bərpa-quruculuq prosesinə verilən açıq dəstəyin nümayişidir. Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq diplomatiyanın yeni ünvanına çevrilib."
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, dünyanın müxtəlif ölkələrinin liderlərinin və yüksək səviyyəli nümayəndələrinin Şuşaya səfərləri göstərir ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb və beynəlxalq tərəfdaşlar bölgənin gələcəyini Azərbaycanla birlikdə qurmağa üstünlük verirlər. Slovakiyanın Ağdam rayonunun Baş Qərvənd kəndində "Ağıllı kənd" layihəsini həyata keçirməsi də bunun praktik təsdiqidir. Bu, sadəcə investisiya layihəsi deyil, Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına verilən siyasi etimadın və uzunmüddətli əməkdaşlıq niyyətinin göstəricisidir. Belə layihələr Avropa şirkətlərinin Qarabağa marağını artırır və bölgənin iqtisadi potensialının beynəlxalq biznes üçün cəlbedici olduğunu nümayiş etdirir. Prezident Peter Pelleqrininin "bu tərəfdaşlıq formal xarakter daşımır və standart diplomatik münasibətlərin sərhədlərini aşır" fikri də əslində münasibətlərin mahiyyətini ifadə edir.
"Bu gün Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşı, mühüm nəqliyyat qovşağı və geosiyasi sabitlik amili kimi qəbul olunur. Slovakiya isə Avropa İttifaqının üzvü olaraq bu əməkdaşlığın daha da genişlənməsində körpü rolunu oynaya bilər. İqtisadiyyat, energetika və hərbi-texniki əməkdaşlığın gündəmdə olması onu göstərir ki, münasibətlər çoxşaxəli xarakter alır. Xüsusilə, enerji sahəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Slovakiya üçün də yeni imkanlar yaradır. Eyni zamanda, Orta Dəhlizin inkişafı fonunda logistika və nəqliyyat sahəsində əməkdaşlıq iki ölkənin iqtisadi maraqlarını daha da yaxınlaşdıracaq. Şuşada keçirilən görüşlərin Avropaya verdiyi əsas mesaj isə ondan ibarətdir ki, Azərbaycan artıq postmünaqişə dövrünün qalib dövləti kimi regionda yeni əməkdaşlıq platformaları formalaşdırır. Qarabağ bu gün qarşıdurma məkanı deyil, beynəlxalq investisiya, inkişaf və tərəfdaşlıq məkanına çevrilir. Avropa ölkələrinin bu prosesdə fəal iştirakı Azərbaycanın həyata keçirdiyi sülh və inkişaf strategiyasının beynəlxalq səviyyədə qəbul edildiyini göstərir. Regional güc balansı baxımından da bu əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən əsas geosiyasi mərkəz kimi mövqeyini daha da gücləndirir. Slovakiya kimi Avropa İttifaqı üzvü olan dövlətlə strateji tərəfdaşlığın dərinləşməsi Azərbaycanın Avropa məkanındakı siyasi çəkisini artırır, eyni zamanda regionda sabitlik və iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət edir. Bütün bunlar onu göstərir ki, Bakı ilə Bratislava arasında formalaşan yeni strateji tərəfdaşlıq yalnız iki dövlətin maraqlarına xidmət etmir. Bu əməkdaşlıq Avrasiyanın yeni geosiyasi və geoiqtisadi reallıqları fonunda etibarlı tərəfdaşlıq modelidir. Qarşıdakı illərdə bu münasibətlərin həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik sahəsində daha da genişlənəcəyi gözlənilir və bu proses Azərbaycan diplomatiyasının uğurlu xarici siyasət kursunun növbəti mühüm nəticələrindən biri kimi qiymətləndirilə bilər", - deyə B.Quliyev əlavə edib.