"Ermənistanda demokratik təsisatlar öz mahiyyətini itirir" – ÖZƏL
13:27 SiyasətOlaylar.az xəbər verir ki, politoloq Tatevik Soqoyan "Ermənistan avtoritarizm yolunda" mövzusunda keçirilən müzakirələrdə ölkədə demokratiyanın üç əsas prinsipinin - azad seçki prosesi, hakimiyyət bölgüsü və insan hüquqlarının qorunmasının ciddi şəkildə sarsıldığını bəyan edib. O, Mərkəzi Seçki Komissiyasının qərarları ilə on minlərlə səsvermə nəticəsinin ləğv edilməsini seçki saxtakarlığı və vətəndaş iradəsinə müdaxilə kimi qiymətləndirib. Hakimiyyət bölgüsünə toxunan ekspert parlament idarəetmə sisteminin təkpartiyalı hegemonluğa xidmət etdiyini, məhkəmə hakimiyyətinin, xüsusilə Konstitusiya Məhkəməsinin isə qanunsuz islahatlarla tamamilə hökumətdən asılı vəziyyətə salındığını bildirib. İnsan hüquqlarının pozulmasına misal olaraq o, öz anasının Nikol Paşinyanla mübahisə etdikdən sonra işdən çıxarılmasını göstərib və bu cür təzyiqlərin kütləvi hal aldığını vurğulayıb.
Ölkədəki mövcud durumu formal institutların qaldığı, lakin real məzmununu itirdiyi proses kimi xarakterizə edən Soqoyan, Qərbin də artıq öz tərəfdaşlarını demokratiya meyarlarına görə deyil, yalnız geosiyasi loyallıq prinsiplərinə əsasən qiymətləndirdiyini qeyd edib.