Şuşadan dünyaya verilən strateji mesajlar- ÖZƏL
12:49 SiyasətPrezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Azərbaycanın regional və qlobal gündəmdə artan rolunu, nəqliyyat-logistika imkanlarını, beynəlxalq münasibətlərdə mövqeyini və media diplomatiyasının əhəmiyyətini geniş şəkildə dəyərləndirdi. Dövlət başçısı qeyd etdi ki, son dörd ildə Şuşa Qlobal Media Forumu 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirərək mühüm beynəlxalq dialoq platformasına çevrilib. Azərbaycanın, xüsusilə də işğaldan azad olunmuş Qarabağın və Şuşanın belə nüfuzlu tədbirlərə ev sahibliyi etməsi bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, eləcə də ölkəmizin beynəlxalq etimadının bariz göstəricisidir.
Prezident İlham Əliyev Azərbaycanın Şərq və Qərb arasında etibarlı körpü rolunu xüsusi vurğulayaraq bildirdi ki, Mərkəzi Asiya ölkələri, Gürcüstan, Türkiyə və Avropa ilə qarşılıqlı fəaliyyətin yüksək səviyyədə qurulması ölkəmizi mühüm tranzit mərkəzinə çevirib. Onun sözlərinə görə, qonşularla etibarlı əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək mümkün deyil. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Xəzər dənizi üzərindən və quru marşrutları ilə həyata keçirilən daşımalar, eləcə də ölkə ərazisindən keçən nəqliyyat dəhlizləri strateji əhəmiyyətimizi daha da artırır.
Dövlət başçısı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hazırda Xəzərin ən böyük limanı olduğunu, mövcud 15 milyon tonluq yükötürmə qabiliyyətinin 25 milyon tona çatdırılması istiqamətində işlərin aparıldığını bildirdi. O, həmçinin Azərbaycanın öz gəmiqayırma zavodunda Avropa istiqamətində yükdaşımaları artırmaq məqsədilə 10 yeni gəmi inşa etdiyini qeyd edərək ölkənin beynəlxalq logistika sistemində rolunun daha da gücləndiyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərini dünyada bənzəri az olan strateji tərəfdaşlıq modeli kimi dəyərləndirdi. O bildirdi ki, siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə formalaşmış əməkdaşlıq, qarşılıqlı etimad və qardaşlıq münasibətləri digər ölkələr üçün nümunədir və qonşular da məhz bu modeldən faydalanmalıdırlar.
Çıxış zamanı Avropa təsisatları ilə münasibətlərə də toxunan dövlət başçısı bildirdi ki, son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin - Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri tərəflər arasında dialoqun davam etdiyini göstərir. Bununla yanaşı, Prezident bəzi Avropa institutlarının Azərbaycana qarşı qərəzli mövqeyini tənqid edərək vurğuladı ki, AŞPA tərəfindən irəli sürülən ultimativ tələblər qəbuledilməzdir. O qeyd etdi ki, Azərbaycan artıq AŞPA-da üzvlüyünü tam dayandırmaq, hətta bütövlükdə Avropa Şurasından çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçirir.
Prezident İlham Əliyev Ermənistanın işğalçı qüvvələri Azərbaycan torpaqlarından tam çıxarılana qədər ölkəmizin AŞPA-da heç vaxt sanksiyaya məruz qalmadığını xatırladaraq, sonrakı qərarların siyasi motivli olduğunu bildirdi. O, həmçinin Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçkisində iştirak etmədiyini və bu səbəbdən həmin məhkəmənin qərarlarına münasibətdə prinsipial mövqe sərgilədiyini qeyd etdi.
Dövlət başçısı çıxışında Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun açıqlamalarına da toxunaraq, onun Avropa İttifaqının keçmiş xarici siyasət rəhbəri Jozep Borreldən məvacib alması barədə etiraflarının müəyyən dairələrin Azərbaycana qarşı aparılan kampaniyanın mahiyyətini ortaya qoyduğunu bildirdi.
Prezident İlham Əliyev forum çərçivəsində enerji təhlükəsizliyi, yaşıl enerji layihələri, COP29 irsi, rəqəmsallaşma, süni intellektin media mühitinə təsiri, dezinformasiya ilə mübarizə və dəyişən beynəlxalq nizam kimi aktual mövzulara da toxunaraq Azərbaycanın etibarlı tərəfdaş, dialoq məkanı və regional sabitliyin əsas təminatçılarından biri olduğunu bir daha diqqətə çatdırdı.
Nizami Səfərov
Milli Mclisin deputatı