Qarabağda yazılan yeni tərəfdaşlıq: Azərbaycan–Slovakiya münasibətlərinin regional və Avropa ölçüsü- ÖZƏL
12:35 Siyasət"Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoymuş, siyasi dialoq, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və Avropa-Cənubi Qafqaz münasibətləri çərçivəsində yeni məzmun qazanmışdır. 14-15 may tarixlərində Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri bu baxımdan ikitərəfli münasibətlərin inkişafında mühüm siyasi hadisədir. Səfər yalnız diplomatik protokol xarakteri daşımır, həm də Avropada dəyişən geosiyasi balans, enerji təhlükəsizliyi məsələləri, Orta Dəhlizin əhəmiyyətinin artması fonunda Azərbaycanın regional güc kimi mövqeyinin möhkəmləndiyini göstərən amil kimi dəyərləndirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Azərbaycan lideri cənab İlham Əliyev və Prezident Peter Pelleqrininin mətbuata bəyanatları göstərdi ki, Bakı və Bratislava münasibətləri klassik diplomatik əməkdaşlıq çərçivəsindən çıxaraq uzunmüddətli strateji tərəfdaşlıq istiqamətində inkişaf etdirilməsini qarşıya məqsəd qoyur. Bu yanaşma Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişaf perspektivləri baxımından da xüsusi əhəmiyyət daşıyır.
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin dərinliyi ilk növbədə siyasi dialoqun intensivliyi ilə ölçülür. Azərbaycan ilə Slovakiya arasında son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin artması, hökumətlərarası komissiyaların fəaliyyəti və parlamentlərarası əməkdaşlığın genişlənməsi siyasi münasibətlərin institusional xarakter aldığını göstərir.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan və Slovakiya arasında dostluq münasibətləri qarşılıqlı hörmət, beynəlxalq hüququn prinsiplərinə sadiqlik və praqmatik əməkdaşlıq üzərində qurulub. Onun sözlərinə görə, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində də konstruktiv əməkdaşlıq həyata keçirirlər. Bu yanaşma Azərbaycanın Mərkəzi Avropa regionunda etibarlı tərəfdaşlar dairəsini genişləndirmək siyasətinin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir.
Peter Pelleqrini isə öz növbəsində Azərbaycanın regionda sabitlik yaradan və iqtisadi inkişafı təşviq edən dövlət kimi rolunu yüksək dəyərləndirdi. Slovakiya Prezidentinin Qarabağ bölgəsinə səfər etməsi, Şuşada aparılan yenidənqurma işləri ilə tanış olması, Slovakiyanın Qarabağın və Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkətinin "Ağıllı kənd" layihəsini həyata keçirməsi siyasi baxımdan Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi quruculuq siyasətinə verilən beynəlxalq diqqətin və dəstəyin göstəricisi hesab edilə bilər.
Azərbaycan-Slovakiya münasibətlərinin strateji məzmun qazanmasında enerji əməkdaşlığı həlledici rol oynayır. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi prioritetlərinin dəyişməsi Azərbaycanın Avropa bazarında əhəmiyyətini daha da artırmışdır. Bu gün Azərbaycan Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində əsas tərəfdaşlardan biri kimi çıxış edir. Slovakiya isə enerji idxalından asılı sənaye ölkəsidir və alternativ mənbələrin təmin olunması Bratislavanın milli təhlükəsizlik strategiyasının vacib elementidir. Prezident İlham Əliyevin enerji əməkdaşlığını xüsusi vurğulaması və Slovakiya Prezidentinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə dair fikirləri göstərir ki, enerji yalnız iqtisadi deyil, eyni zamanda siyasi əməkdaşlığın da əsas sütununa çevrilir.
Hər iki ölkə iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm imkanlara malikdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Orta Dəhlizdə artan rolu və beynəlxalq nəqliyyat-logistika layihələrində fəal iştirakı Slovakiya üçün də yeni iqtisadi imkanlar yaradır. Bununla yanaşı, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, innovasiya texnologiyaları, müdafiə sənayesi, kənd təsərrüfatı və təhsil sahələri əməkdaşlığın gələcək istiqamətləri kimi ön plana çıxır.
Məsələyə digər rakursdan nəzər salaq. Slovakiya Avropa İttifaqının üzvü olaraq Azərbaycanın Avropa ilə münasibətlərində mühüm tərəfdaşlardan biridir. Bakı isə Avropa ilə münasibətlərini qarşılıqlı maraqlar və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirməyə çalışır. Slovakiyanın bu yanaşmanı dəstəkləməsi Avropa İttifaqı daxilində Azərbaycanın mövqeyinin daha dolğun təqdim olunmasına töhfə verə bilər".