Azərbaycanın orta güc olaraq oynadığı rol günü-gündən artır- ÖZƏL

"Ulu Öndər Heydər Əliyev Azərbaycanın xarici siyasət sahəsində ən mühüm vəzifələrindən birinin düşmənləri neytrallaşdırmaq, neytralları dosta, dostları müttəfiqə çevirmək olduğunu deyirdi. Dünən, onun hakimiyyətə gəldiyi gün Azərbaycan və Slovakiya prezidentlərinin Şuşadakı görüşləri, Ağdamın Baş Qərvənd kəndinə birgə səfərləri, ardınca da Xankəndidə gördüklərimiz yolunun necə uğurla davam etdirildiyinin növbəti təsbiti idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Xatırladım ki, torpaqlarımız işğal altında olanda Slovakiya, yəqin həm də Moskvanın təsiri altında, yumşaq desək, heç də bizi dəstəkləyənlər sırasında deyildi. İkinci Qarabağ savaşının ən qızğın günlərində, 2020-ci il oktyabrın 22-də o ölkənin parlamenti "Dağlıq Qarabağda davam edən münaqişə haqqında" qətnamə qəbul etdi. Orada hərbi əməliyyatların dərhal dayandırılması tələb olunurdu, yəni Azərbaycanın öz torpaqlarını azad etmək üçün apardığı savaşın legitimliyi hədəfə alınırdı. 
Savaş bitdikdən bir neçə ay sonra, 2021-ci il aprelin 1-də isə həmin parlament əleyhimizə yönələn növbəti qətnaməni yekdilliklə təsdiqlədi. O qətnamədə reallıq 180 dərəcə təhrif edilərək Azərbaycan Qarabağda mədəni-dini irsi dağıtmaqda, "müharibə cinayətləri" törətməkdə ittiham olunurdu. 

Həmin qətnamələrin meydana çıxmasında aparıcı yer alan partiyaların təmsilçiləri 3 il sonra ölkələrimiz arasında strateji tərəfdaşlıq anlaşmasının imzalanmasında yer aldılar. İndi özləri Qarabağa təşrif gətirərək orada dini-mədəni irsin dağıdılması qarışıq kimin vəhşilik törətdiyini, kimin də altüst edilmiş yaşayış məskənlərinin yerində yenisinin tikdiyini görür  və Baş 
Qərvəndin timsalında özləri də bu prosesdə yer alırlar. Sevindirici həm də odur ki, dörd qardaş türk dövlətinin ardından Slovakiya da işğaldan azad olunan torpaqlarımıza dönən soydaşlarımıza hədiyyə verməyi planlaşdırır. Bu dost və artıq strateji tərəfdaş dövlətin hədiyyəsi isə sözügedən Baş Qərvənd kəndində öz vəsaitinə tikdirdiyi Milan Rastislav Ştefanik adına 840 şagird yerlik tam orta məktəbdir. 

Əlbəttə, bu, alqışlanası və heç vaxt unudulmayacaq bir jestdir. Və bu jest Azərbaycanın yaratdığı geosiyasi reallığın, orta güc olaraq oynadığı rolun, Ulu Öndərin dediklərinə dəqiqliklə əməl edilməsinin nəticəsidir. Ümid etmək istərdim ki, Ermənistanda revanşizm duyğusuyla yaşayanlar bu gördüklərinin, Slovakiya Prezidentinin Şuşadakı rəsmi qarşılanmasının, onun şərəfinə məhz Xankəndidə nahar verilməsinin nə anlam daşıdığının fərqindədirlər və ondan düzgün nəticə çıxaracaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31