Akif Nəsirli: "Hörmüzün bağlanma ehtimalı neftin qiymətini kəskin artıracaq" – ÖZƏL
14:30 Siyasətİran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-yə xəbərdarlıq edərək, vəziyyətin daha da gərginləşə biləcəyini diqqətə çatdırıb. O, "X" sosial şəbəkə hesabındakı paylaşımında Hörmüz boğazının yalnız Tehranın şərtləri ilə açılacağını, Amerikanın təhdidlərinin buna təsir etməyəcəyini vurğulayıb. Vaşinqtona cavab zərbəsi ilə hədə-qorxu gələn spiker, ABŞ-nin hədə və pozulmuş vədlərinin artıq nəticəsiz qaldığını anlaya bilmədiyini əlavə edib.
İranın Hörmüz boğazı ilə bağlı bu kəskin şərtləri qlobal neft bazarına necə təsir edəcək? Hörmüzdə yenidən gərginləşən vəziyyət dünya iqtisadiyyatına necə təsir edəcək?
"İranın Hörmüz boğazı ilə bağlı sərt bəyanatları ilk növbədə qlobal enerji bazarlarında psixoloji təsir yaradır. Çünki Hörmüz boğazı dünyanın ən vacib neft tranzit marşrutlarından biridir və Körfəz ölkələrinin ixrac etdiyi neftin böyük hissəsi məhz bu boğazdan keçir. Bu səbəbdən burada yaranan hər hansı gərginlik neft tədarükünün təhlükə altına düşə biləcəyi ilə bağlı narahatlıqları artırır".
Bu sözləri Olaylar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, belə vəziyyətlərdə bazarlar adətən riskləri əvvəlcədən qiymətləndirməyə çalışır. Əgər investorlar və enerji şirkətləri hesab etsələr ki, boğazda nəqliyyatın məhdudlaşdırılması və ya hərbi qarşıdurma ehtimalı yüksəlir, neftin qiymətində artım müşahidə oluna bilər. Hətta faktiki bağlanma baş verməsə belə, qeyri-müəyyənliyin özü qiymətlərin yüksəlməsinə səbəb olur. Neft qiymətlərinin artması isə dünya iqtisadiyyatına zəncirvari təsir göstərir. Enerji xərcləri yüksəldikcə nəqliyyat, sənaye, logistika və istehsal sektorlarında maya dəyəri artır. Bu da bir çox ölkədə inflyasiya təzyiqlərini gücləndirə bilər. Xüsusilə enerji idxalından asılı olan dövlətlər üçün yanacaq və enerji xərclərinin bahalaşması iqtisadi artımı zəiflədə bilər.
Digər tərəfdən, uzunmüddətli və ciddi bir böhran yaranarsa, qlobal tədarük zəncirlərində gecikmələr, sığorta xərclərinin artması və beynəlxalq ticarətdə əlavə risklər meydana çıxa bilər. Bu isə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərər.
Bununla belə, bazarın reaksiyası yalnız siyasi bəyanatlardan deyil, real vəziyyətdən asılıdır. Tarix göstərir ki, Hörmüz boğazı ətrafında gərginliklər tez-tez neft qiymətlərində qısamüddətli sıçrayışlar yaratsa da, fiziki tədarük tam dayanmadığı müddətdə bazarlar müəyyən müddətdən sonra yeni şəraitə uyğunlaşmağa çalışır. Ona görə də əsas məsələ bəyanatların deyil, boğazda faktiki nəqliyyatın və enerji axınının hansı səviyyədə təsirlənəcəyidir.
Səidə Ramazanova