NATO-da fikir ayrılığı ortaq qərarların qəbuluna imkan vermir

Ankara bəyannaməsi regional münaqişələrə son qoya biləcəkmi? 

Türkiyənin 2004-cü ildən bəri ev sahibliyi etdiyi ikinci NATO liderlər sammiti öz işini başa vurdu. Əvvəlcədən planlaşdırıldığı kimi NATO üzvlərinin müdafiə xərclərinin artırılması və yükün daha bərabər bölüşdürülməsi, Ukraynaya dəstəyin davam etdirilməsi, Rusiya ilə bağlı təhlükəsizlik məsələləri və NATO-nun müdafiə sənayesinin və hərbi istehsal imkanlarının gücləndirilməsi əsas müzakirə mövzusu oldu. Liderlər sammitində qəbul edilən yekun bəyannamədə bildirilir ki, alyans üzvləri kollektiv müdafiə imkanlarını gücləndirmək, hərbi istehsal potensialını artırmaq və innovasiyaları sürətləndirmək məqsədilə müdafiə sənayesi ilə əməkdaşlığı daha da genişləndirmək öhdəliyi götürüblər. Sənəddə, həmçinin NATO müttəfiqlərinin 2026-cı ildə Ukraynaya dəstək məqsədilə ümumilikdə 70 milyard avro ayırmağı öhdələrinə götürdükləri qeyd olunub.Yekun bəyannamədə  NATO-nun əsas prinsiplərindən biri olan Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə sadiqlik bir daha təsdiqlənib. Sənəddə vurğulanır ki, alyans üzvlərindən birinə qarşı həyata keçirilən hücum bütün müttəfiqlərə qarşı hücum kimi qiymətləndiriləcək və transatlantik həmrəyliyə sarsılmaz bağlılıq davam etdiriləcək.
 
Türkiyənin regional əhəmiyyəti artır

Sammitdə diqqət çəkən məsələlərdən biri də ABŞ Prezidenti Donald Trump ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında müdafiə əməkdaşlığı, o cümlədən Türkiyənin Lockheed Martin F-35 Lightning II proqramına mümkün qayıdışı və əvvəlki sanksiyaların gələcəyi barədə müzakirələr oldu. Məhz bu baxımdan sammitin Türkiyə üçün hansı nəticələr verə biləcəyi diqqət mərkəzindədir. Əvvala qeyd edək ki, bu məsələdə Sammitin yekun bəyannaməsi xüsusi əhəmiyyət daşıyır. Siyasi şərhçilərin qənaətinə görə, NATO-nun Ankara sammiti həm alyansın gələcək strategiyası, həm də Türkiyənin regional rolu baxımından əhəmiyyətli hesab olunur. Məlum olduğu kimi NATO üzvləri son illərdə artan təhlükəsizlik riskləri fonunda müdafiəyə daha çox vəsait ayırmağı müzakirə ediblər. Məqsəd hərbi hazırlığı, silah istehsalını və NATO qüvvələrinin operativ imkanlarını gücləndirməkdir.

Alyansın Ukraynaya dəstəyi birmənalı qarşılanmır

Sammitdə Ukraynaya hərbi, maliyyə və siyasi dəstəyin davam etdirilməsi də əsas gündəm mövzularından biri olub. NATO Ukraynanın təhlükəsizliyinin Avro-Atlantik bölgəsinin təhlükəsizliyi ilə sıx bağlı olduğunu vurğulayır. ABŞ-Avropa münasibətlərinə gəlincə ABŞ Prezidenti Donald Tramp Avropa müttəfiqlərinin müdafiə xərclərini daha da artırmalı olduğunu bildirib. Bu məsələ sammitin ən çox müzakirə olunan mövzularından biri olub. Regionda baş verən münaqişələrin nizama salınması, sözügedən məsələdə Türkiyənin rolunun artırılması isə daha çox diqqət mərkəzində olub. Elə  bu baxımdan, sammitin Ankarada keçirilməsi Türkiyənin NATO daxilində strateji əhəmiyyətini bir daha göstərir. Türkiyə Qara dəniz, Yaxın Şərq və Cənubi Qafqaz arasında yerləşdiyi üçün alyansın təhlükəsizlik planlarında mühüm mövqeyə malikdir. Sammit çərçivəsində Türkiyə ilə ABŞ arasında müdafiə əməkdaşlığının, o cümlədən F-35 proqramı ilə bağlı məsələlərin də müzakirə olunduğu bildirilir.
Sammitin konkret nəticələrinə gəldikdə, qeyd edilməlidir ki, onun Rusiya-Ukrayna müharibəsinə birbaşa təsiri məhduddur. Çünki NATO müharibənin tərəfi deyil. Lakin qəbul edilən qərarlar müharibənin gedişinə və tərəflərin hesablamalarına dolayı təsir göstərə bilər. Əsas mümkün təsir Ukraynanın müdafiə qabiliyyətinin güclənməsi ilə müşahidə oluna bilər. NATO ölkələri Ukraynaya hərbi yardım, sursat, hava hücumundan müdafiə sistemləri və hərbi təlim dəstəyini davam etdirməyə hazır olduqlarını bildirirlər. Bu, Ukraynanın müdafiəsini gücləndirə və Rusiyanın hərbi üstünlük əldə etməsini çətinləşdirə bilər.

NATO üzvləri arasında fikir ayrılığı

NATO-nun vahid mövqe nümayiş etdirməsi Moskva üçün alyansın parçalanmadığını göstərmək məqsədi daşıyır. Kreml isə sammiti yaxından izlədiyini və NATO-nun bəyanatlarını "qarşıdurma xarakterli" adlandırdığını açıqlayıb. Sammit çərçivəsində liderlər arasında keçirilən görüş Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni diplomatik təşəbbüslərə təkan verə bilər. Çox təəssüf ki, hazırda müharibənin yaxın zamanda başa çatacağını göstərən qəti əlamətlər yoxdur. Bu isə öz növbəsində müharibənin uzanması ehtimalını artırır. Əgər NATO ölkələri hərbi dəstəyi artırsa, Ukrayna müqavimətini daha uzun müddət davam etdirə bilər. Digər tərəfdən, Rusiya da öz hərbi səylərini artırmağa çalışa bilər. Bu səbəbdən bəzi analitiklər hesab edirlər ki, sammit qısamüddətli perspektivdə müharibəni bitirməkdən çox, tərəflərin uzunmüddətli hazırlığını gücləndirə bilər. Bu isə müharibənin yaxın aylarda bitmə ehtimalını sıfıra endirir. Ankara sammiti də müharibəni dərhal bitirəcək hadisə kimi görünmür. Onun əsas təsiri NATO-nun Ukraynaya dəstəyini möhkəmləndirmək, Rusiyaya siyasi-hərbi siqnal vermək və gələcək diplomatik danışıqlar üçün müəyyən zəmin yaratmaq ola bilər.

İran ətrafında gərginlik daha da artır

ABŞ-İran qarşıdurması ilə NATO sammiti arasında əlaqə olsa da  NATO-nun bu münaqişəyə birbaşa hərbi müdaxiləyə dair qərar verməsi mümkün deyil. Sammit ən yaxşı halda alyans daxilində koordinasiya və risklərin idarə olunmasına təsir göstərə bilər. Əgər ABŞ Yaxın Şərqdə hərbi əməliyyatları genişləndirərsə, Vaşinqtonun hərbi resurslarının bir hissəsi Avropadan və Ukrayna istiqamətindən Yaxın Şərqə yönələ bilər. Bu, Avropa müttəfiqlərinin öz müdafiə imkanlarını artırmaq zərurətini daha da aktuallaşdırır. Bu isə regionda Türkiyənin rolunu artıra bilər. Türkiyə həm NATO üzvüdür, həm də İranla sərhəddə yerləşir. Buna görə də Ankara hava məkanının təhlükəsizliyi, kəşfiyyat məlumatlarının mübadiləsi və regional diplomatiyada mühüm rol oynaya bilər. Onu da qeyd edək ki, ABŞ-İran müharibəsində NATO daxilində fikir ayrılıqları müşahidə olunur. Nəzərə almaq lazımdır ki,ABŞ-ın İrana münasibətdə sərt siyasəti bütün NATO ölkələri tərəfindən eyni şəkildə dəstəklənmir. Bəzi Avropa ölkələri diplomatik həll yollarına üstünlük verir. 
İran ətrafında gərginliyin artması və xüsusilə Hörmüz boğazı ətrafında risklərin yüksəlməsi neft qiymətlərini artıra bilər. Bu isə NATO ölkələrinin iqtisadiyyatına, inflyasiyaya və müdafiə xərclərinə təsir göstərə bilər. Hazırkı məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp Ankara sammiti zamanı İranla əldə olunmuş əvvəlki razılaşmanın artıq qüvvədə olmadığını bildirib və ABŞ-ın İrana qarşı hərbi əməliyyatları və sanksiyaları yenidən sərtləşdirəcəyini açıqlayıb. Bu, regionda gərginliyin yenidən artması riskini yüksəldib. Bununla belə, NATO-nun rəsmi mövqeyi alyansın kollektiv müdafiəsinə yönəlib. İranla bağlı mümkün hərbi addımlar NATO-nun bütövlükdə deyil, ayrı-ayrı üzv dövlətlərin qərarları əsasında atıla bilər.

Türkiyənin güclənən mövqeyi Azərbaycan üçün üstünlüklər yaradır

Yeri gəlmişkən, sammitin Azərbaycan üçün mümkün əhəmiyyəti də nəzərə alınmalıdır. Xatırladaq ki, Azərbaycan NATO üzvü olmasa da, alyansla tərəfdaşlıq edir. Türkiyənin NATO daxilində güclənən mövqeyi Azərbaycan üçün də müəyyən üstünlüklər yarada bilər. Bu üstünlüklər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişafına əlavə siyasi dəstək, Qara dəniz və Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə daha çox diqqət, enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyinə beynəlxalq marağın artması fonunda nəzərə çarpa bilər. 

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31