Hörmüz boğazında ABŞ-İran savaşı: Tehranı masaya oturdacaq əsas iqtisadi faktor nədir? – ÖZƏL
12:36 Siyasətİran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-yə xəbərdarlıq edərək, vəziyyətin daha da gərginləşə biləcəyini diqqətə çatdırıb. O, Hörmüz boğazının yalnız Tehranın şərtləri ilə açılacağını, Amerikanın təhdidlərinin buna təsir etməyəcəyini vurğulayıb.
İranın Hörmüz boğazı ilə bağlı bu kəskin şərtləri qlobal neft bazarına necə təsir edəcək? Hörmüzdə yenidən gərginləşən vəziyyət dünya iqtisadiyyatında özünü necə göstərəcək?
"Hazırkı vəziyyətdə İran-ABŞ qarşıdurmasının əsas mərkəzində Hörmüz boğazı və beynəlxalq sulardan istifadə məsələsi dayanır. Dünya sularından istifadə qlobal ticarətdə mühüm rol oynayır. Hörmüz boğazı isə dəniz yolu ilə həyata keçirilən dünya ticarətinin təxminən 19 faizinin keçdiyi strateji magistral hesab olunur. Buna görə də İranın Hörmüz boğazı ilə bağlı ortaya qoyduğu mövqe böyük ehtimalla yaxın aylarda qlobal problemə çevriləcək".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. Ekspertin sözlərinə görə, ABŞ çalışır ki, bu problemi qlobal müstəviyə çıxarsın. Çünki Hörmüz boğazında daşımalarla bağlı yaranan narahatlıq dünya ticarətinə mənfi təsir göstərir. Həm Çin, həm Hindistan, həm də Avropa istiqamətində yükdaşımalar bu vəziyyətdən zərər görür. ABŞ-nin son günlər həyata keçirdiyi, o cümlədən İranın cənub sahillərindəki bombardmanlar və İran donanmasına qarşı təşkil olunan hərbi hücumlar da nəticə etibarilə problemin qlobal səviyyəyə daşınmasına hesablanıb. Vaşinqton çalışır ki, yaranmış vəziyyəti beynəlxalq təhlükəsizlik və dünya ticarəti üçün ümumi problem kimi təqdim etsin. Əgər ABŞ buna nail olarsa, beynəlxalq sulardan istifadə ilə bağlı BMT konvensiyalarının tətbiqi daha qabarıq şəkildə gündəmə gələcək. Bu halda faktiki olaraq İranın nəzarət etdiyi Hörmüz boğazının təxminən 5-10 kilometrlik hissəsi üzərində mövcud nəzarət mexanizmləri dəyişə bilər. Hazırkı gərginlik və narahatlıq da əsasən bununla bağlıdır. Gərginlik davam etdikcə dünya bazarlarında qızılın qiymətinin artacağı, eyni zamanda neft bazarında müəyyən dalğalanmaların baş verəcəyi gözlənilir. Kəskin bahalaşma olmasa belə, qiymət dəyişkənliyi ehtimalı yüksəkdir. Lakin hesab edirəm ki, yaxın aylarda İran bu məsələ ilə bağlı danışıqlar masasında razılığa gəlmək məcburiyyətində qalacaq. Çünki İran artıq təkcə ABŞ ilə hərbi qarşıdurmanın deyil, eyni zamanda dünya ticarəti ilə bağlı yaranmış münaqişənin də tərəfinə çevrilib. Başqa sözlə, bu məsələdə İran faktiki olaraq tək qalır. Məhz buna görə də bu qarşıdurmada uduzan tərəfin İran olacağı ehtimalı daha yüksəkdir və nəticədə Tehran Hörmüz boğazı ilə bağlı ticarət münasibətləri məsələsində danışıqlar masasına əyləşərək kompromisə getməyə məcbur olacaq.
"Hazırda Ukrayna-Rusiya müharibəsi səbəbindən ABŞ, Avropa İttifaqı və NATO müttəfiqlərinin əsas diqqəti Rusiyaya yönəlib. Buna baxmayaraq, böyük ehtimalla yaxın aylarda həm NATO ölkələri, həm Avropa, hətta Çin də mövcud vəziyyətlə əlaqədar İrana təzyiqləri artıracaq. Nəticədə İran geri addım atmağa məcbur olacaq. Bu baxımdan hesab edirəm ki, dünya ticarəti və qlobal iqtisadiyyat üçün uzunmüddətli strateji təhdiddən söhbət getmir. Daha çox keçici dövrdə birjalarda müəyyən dalğalanmalar müşahidə olunacaq və bu da bazarlarda volatilliyin artmasına, iqtisadi proseslərə müəyyən mənfi təsir göstərməsinə səbəb olacaq", - deyə iqtisadçı bildirib.
Səidə Ramazanova