ABŞ-Azərbaycan münasibətləri tarixi mərhələdən keçir- ÖZƏL
11:59 Siyasət"ABŞ-Azərbaycan münasibətlərində son dövrlər müşahidə olunan intensiv diplomatik dinamika təsadüfi xarakter daşımır. Bu münasibətlər artıq ayrı-ayrı siyasi təmaslar çərçivəsindən çıxaraq institusional və strateji tərəfdaşlıq mərhələsinə daxil olur. Bu dinamikanın ən mühüm göstəricilərindən biri 8 avqust tarixində Vaşinqtonda imzalanan sənədlərdirsə, digər vacib amil Azərbaycan Prezidenti cənab İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında formalaşmış qarşılıqlı siyasi etimad və şəxsi dialoq mühitidir. Lakin münasibətlərin hazırkı inkişaf trayektoriyasını şərtləndirən əsas faktor yalnız liderlər arasında münasibətlər deyil. Daha mühüm məqam ABŞ siyasi elitasının müxtəlif qanadlarını təmsil edən nüfuzlu siyasi fiqurların Azərbaycana ardıcıl səfərlər etməsidir. Bu isə münasibətlərin fərdlərdən deyil, artıq dövlət institutlarından qaynaqlandığını göstərir."
Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Məhz bu kontekstdə 17 iyun 2026-cı il tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadehin, ardınca isə 7 iyul tarixində ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitənin sədri senator Stiv Deynsin Azərbaycana səfərləri xüsusi diqqət çəkir. Hər iki görüş zamanı Prezident İlham Əliyevin çıxışına eyni tezislə başlaması təsadüfi deyildi. Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, Donald Trampın ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan-ABŞ münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu fikir Azərbaycanın Vaşinqtonla münasibətlərdə müşahidə etdiyi müsbət dinamikanın dövlət səviyyəsində verilən siyasi qiymətidir.
Bu kontekstdə ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri də xüsusi əhəmiyyət kəsb edir. Belə yüksək səviyyəli qarşılıqlı təmaslar onu göstərir ki, tərəflər münasibətləri epizodik əməkdaşlıq formatından çıxararaq uzunmüddətli strateji əməkdaşlıq platformasına çevirmək niyyətindədirlər. Diplomatiyada qarşılıqlı səfərlərin intensivliyi siyasi etimadın ən mühüm indikatorlarından hesab olunur və hazırkı mərhələdə məhz bu tendensiyanın şahidiyik.
Abraham Hamadehin siyasi fəaliyyəti Azərbaycanın maraqları baxımından ayrıca əhəmiyyət daşıyır. Arizona ştatını təmsil edən respublikaçı konqresmen ABŞ Konqresində "Azadlığa Dəstək Aktı"na edilən 907-ci düzəlişin ləğvi ilə bağlı qanun layihəsinin həmmüəlliflərindən biridir. Məlumdur ki, 907-ci düzəliş uzun illərdir Azərbaycan-ABŞ münasibətlərinin tam potensialla inkişaf etməsinə mane olan hüquqi və siyasi məhdudiyyətlərdən biri hesab olunur. Buna görə də həmin qanun layihəsinin müəlliflərindən birinin Bakıya səfəri sıradan diplomatik hadisə kimi qiymətləndirilə bilməz. Bu, Vaşinqtonda Azərbaycanın mövqeyinə dəstəyin genişləndiyini və mövcud məhdudiyyətlərin aradan qaldırılması istiqamətində siyasi iradənin formalaşdığını göstərən mühüm siqnaldır.
Senator Stiv Deynsin Azərbaycana təkrar səfəri də eyni dərəcədə diqqətəlayiqdir. Onun 2025-ci ildə həyata keçirdiyi səfərin davamı kimi qiymətləndirilə biləcək budəfəki görüşlər göstərir ki, dialoq təsadüfi xarakter daşımır. Əksinə, ABŞ Senatı ilə Azərbaycan arasında siyasi təmaslar ardıcıl şəkildə inkişaf edir. Deyns ABŞ-da mühafizəkar siyasi xəttin tanınmış nümayəndələrindən biri olmaqla yanaşı, Prezident Donald Trampın yaxın siyasi müttəfiqlərindən hesab olunur. Bu baxımdan onun Bakı ilə təmasları yalnız ikitərəfli münasibətlər deyil, eyni zamanda Vaşinqtonun regional siyasətinin gələcək konturlarını anlamaq baxımından da əhəmiyyətlidir. Onu da nəzərə alsaq ki, Deynsin fəaliyyət istiqaməti Avropa və Regional Təhlükəsizlikdir, deməli, proseslərə kompleks yanaşma mövcuddur.
Diqqət çəkən digər məqam senator Stiv Deynsin Ermənistan nümayəndələri ilə keçirdiyi görüşlərdir. Həmin görüşlərdə regional təhlükəsizlik, Ermənistan-Azərbaycan normallaşma prosesi, nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunması göstərir ki, ABŞ Cənubi Qafqazın gələcəyini məhz regional inteqrasiya və kommunikasiyaların açılması prizmasından qiymətləndirir. Bu isə Azərbaycanın irəli sürdüyü regional əməkdaşlıq modelinin beynəlxalq səviyyədə dəstəkləndiyini göstərən mühüm göstəricilərdən biridir.
Ümumilikdə ABŞ-ın müxtəlif siyasi institutlarını təmsil edən konqresmenlərin və senatorların ardıcıl şəkildə Azərbaycana səfər etməsi Vaşinqtonun regiona artan marağının göstəricisidir. ABŞ təkcə geosiyasi deyil, həm də iqtisadi baxımdan Cənubi Qafqazda daha davamlı iştirakını təmin etməyə çalışır. Azərbaycanın enerji təhlükəsizliyi, Orta Dəhliz, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi, yüksək texnologiyalar və innovasiya istiqamətində həyata keçirdiyi siyasət ABŞ biznesi və texnologiya sektorunun maraqları ilə üst-üstə düşür. Məhz buna görə də iqtisadi əməkdaşlıq münasibətlərin yeni lokomotivinə çevrilmək potensialına malikdir.
Eyni zamanda, regionun geoiqtisadi əhəmiyyətinin artması fonunda ABŞ üçün Azərbaycan etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də logistika, rəqəmsal kommunikasiya və yeni texnologiyalar üzrə regional mərkəzə çevrilməkdədir. Bu reallıq Vaşinqtonun Bakı ilə əməkdaşlığı genişləndirmək istəyini izah edən əsas amillərdən biridir.
Əgər 907-ci düzəlişin ləğvi istiqamətində aparılan proses uğurla nəticələnərsə, bu, Azərbaycan-ABŞ münasibətlərində yeni tarixi mərhələnin başlanğıcı olacaq. Belə bir qərar yalnız hüquqi məhdudiyyətin aradan qaldırılması deyil, həm də iki ölkə arasında siyasi etimadın tam bərpasının simvolu kimi qiymətləndiriləcək.
Təsadüfi deyil ki, senator Stiv Deynsin Azərbaycana səfərindən sonra xarici işlər naziri Ceyhun Bayramovun yaxın dövrdə TRIPP ilə bağlı yeni xəbərlərin olacağını bildirməsi də bu diplomatik proseslərin davam etdiyini göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-ABŞ münasibətləri hazırda keyfiyyətcə yeni mərhələyə qədəm qoyur və bu mərhələ təkcə ikitərəfli əlaqələr baxımından deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi arxitekturası üçün də mühüm əhəmiyyət daşıyır."
İbrahim Məmmədli