Masada üstünlük uğrunda enerji müharibəsi: Ukraynadakı mülki obyektlər və SOCAR niyə vurulur? – ÖZƏL

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfiri Mixail Yevdokimovu XİN-ə çağıraraq, iyulun 5-də Ukraynanın Mikolayiv vilayətində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə dron hücumu ilə bağlı kəskin etirazını və notasını təqdim edib. XİN bildirib ki, bu, SOCAR obyektlərinə qarşı ilk hücum deyil və diplomatik nümayəndəliklərə də ziyan dəyib. Rusiya tərəfi hadisələri araşdırmağa, izahat verməyə və mülki obyektlər, eləcə də diplomatik missiyaların toxunulmazlığı ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırılıb.

Azərbaycanın Rusiyaya nota təqdim etməsi hansı diplomatik mesajı verir? SOCAR obyektlərinə təkrarlanan hücumlar Bakı-Moskva münasibətlərinə necə təsir göstərə bilər?

"Burada söhbət təkcə SOCAR-dan getmir, eyni zamanda diplomatik nümayəndələrdən də gedir. Bunlar Azərbaycan tərəfinə aid olan şirkətlər və nümayəndələr olduğuna görə, Azərbaycan başqa bir dövlətin nümayəndələri olsa belə, təbii ki, bu gün müharibə zonasında fəaliyyət göstərirlər və belə hadisələr müharibə şəraitində baş verə bilir. Sadəcə qeyd etmək lazımdır ki, həm Rusiya, həm də Ukrayna tərəfi müharibənin gedişində resurslarını və imkanlarını artırdıqca, bu məsələlərə daha ciddi və daha dəqiq yanaşmaq zərurəti yaranır. Çünki görürük ki, artıq hətta ABŞ-də də Donald Tramp Ukrayna-Rusiya müharibəsində ciddi nəticə əldə etməyin çətin olduğunu etiraf edən açıqlamalar verib".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçinin sözlərinə görə, Rusiya bacardığı qədər Ukraynanı zəiflətməyə çalışır ki, sonda danışıqlar masasında üstün mövqedə olsun və istədiyi nəticələri əldə edə bilsin. Buraya işğal olunmuş ərazilərin Rusiyanın tərkibində qalması və Ukraynanın müəyyən güzəştlərə getməsi kimi tələblər də daxildir. Bu baxımdan nə SOCAR, nə də digər şirkətlər istisna təşkil etmir. Çünki SOCAR obyektlərinə qarşı bu gün baş verən hadisə ilk dəfə deyil. Bundan əvvəl də belə cəhdlər olub. Məhz buna görə Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfini çağıraraq nota təqdim etmişdi. Həmin notada Azərbaycanın enerji təhlükəsizliyinə, xüsusilə də həmin bölgələrdə yerləşən enerji obyektlərinə vurulan ziyanın səbəblərinə aydınlıq gətirilməsi tələb olunurdu. Ümumiyyətlə, Ukrayna-Rusiya müharibəsi artıq elə bir mərhələyə çatıb ki, tərəflərin bir-birinə endirdiyi zərbələr, dron hücumları və digər vasitələr münaqişəni çox böyük miqyaslara çıxarıb. Bu miqyas artıq hər iki dövlətin paytaxtlarına qədər genişlənib. Təbii ki, belə şəraitdə müxtəlif obyektlər atəşə məruz qala bilir və burada Azərbaycan şirkətləri də tamamilə istisna deyil. Çünki həm Ukrayna, həm də Rusiya enerji infrastrukturuna ciddi zərbələr endirirlər. Məqsəd qarşı tərəfin enerji resurslarından istifadəsini məhdudlaşdırmaq və onun iqtisadi imkanlarını zəiflətməkdir. Digər tərəfdən, müharibə şəraitində tərəflər bir-birini mümkün qədər zəiflətmək üçün əllərindən gələn bütün vasitələrdən istifadə etməyə çalışırlar. Buna görə də enerji obyektləri və iqtisadi əhəmiyyət daşıyan infrastrukturlar əsas hədəflərdən birinə çevrilir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31