Yeni Konstitusiya, yoxsa yeni dövlət modeli?- ÖZƏL
12:29 Siyasət
Paşinyanın 5 iyul mesajının hüquqi və siyasi təhlili
Bəzən dövlət rəhbərlərinin ən mühüm siyasi mesajları hökumət proqramlarında və ya parlament tribunasında deyil, bayram münasibətilə etdikləri müraciətlərdə səslənir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın Konstitusiya Günü münasibətilə xalqa ünvanladığı müraciət də məhz belə mətnlərdəndir. İlk baxışdan təbrik xarakteri daşıyan bu çıxış əslində Ermənistanın gələcək dövlətçilik konsepsiyasına dair siyasi manifest kimi qiymətləndirilə bilər.
Müraciətin ən mühüm hissəsi isə hakim siyasi çoxluğun seçki proqramına yeni Konstitusiyanın qəbulunun daxil edildiyinin açıq şəkildə bəyan edilməsidir. Bu, sadəcə növbəti konstitusiya islahatı barədə fikir deyil. Əslində, Ermənistanın mövcud dövlət modelinin yenidən nəzərdən keçirilməsinə yönəlmiş siyasi iradənin rəsmən təsdiqidir.
Lakin burada diqqətdən yayınmamalı olan bir məqam var.
Paşinyan mövcud Konstitusiyanın hüquqi qüvvəsini deyil, onun siyasi legitimliyini müzakirə edir. O bildirir ki, Ermənistan vətəndaşlarında uzun illər dövlət tərəfindən müəyyən edilən hüquqi qaydaların məhz xalqın iradəsindən qaynaqlandığına dair inam formalaşmayıb. Başqa sözlə, problem Konstitusiyanın mövcudluğunda deyil, onun cəmiyyət tərəfindən mənimsənilməsində görülür. Müasir hüquq nəzəriyyəsində Konstitusiyanın legitimliyi təkcə referendumun keçirilməsi ilə ölçülmür. Əsas məsələ xalqın həmin Konstitusiyanı öz siyasi iradəsinin və dövlətlə bağladığı ictimai müqavilənin ifadəsi kimi qəbul edib-etməməsidir.
Paşinyanın istinad etdiyi "xalq dövlətin sahibidir" tezisi də məhz təsis hakimiyyəti konsepsiyasına söykənir. Bu konsepsiyaya görə dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır və yeni Konstitusiya həmin iradənin hüquqi ifadəsi olmalıdır.
Məhz burada ikinci mühüm hüquqi məsələ ortaya çıxır.
Paşinyan "Konstitusiyaya dəyişiklik ediləcəyini" deyil, "yeni Konstitusiyanın qəbul ediləcəyini" bildirir. Bu iki anlayış Konstitusiya hüququnda eyni məna daşımır. Dəyişiklik mövcud hüquqi sistemin saxlanılması şərti ilə onun təkmilləşdirilməsini ifadə edir. Yeni Konstitusiyanın qəbulu isə yeni təsis iradəsinin, yeni siyasi-hüquqi modelin və müəyyən mənada dövlətin özünü yenidən müəyyənləşdirməsinin hüquqi formasıdır. Buna görə də seçilən terminologiyanın həm siyasi, həm də hüquqi mənası vardır.
Diqqət çəkən başqa bir məqam da dövlət identikliyi ilə bağlıdır.
Paşinyan çıxış boyu ardıcıl şəkildə "Ermənistan Respublikası" anlayışını ön plana çəkir. Əvvəlki illərin siyasi ritorikasında mühüm yer tutan tarixi və etnik-siyasi tezislər isə bu müraciətdə demək olar ki, yer almır. Bu, sadəcə üslub dəyişikliyi təsiri bağışlamır. Əksinə, Ermənistanın dövlət ideologiyasında və siyasi düşüncəsində yeni mərhələyə keçid cəhdi kimi görünür. Dövlətin legitimliyi tarixi iddialarla deyil, vətəndaşın iradəsi və konstitusiya nizamı ilə əsaslandırılmağa çalışılır.
Ancaq bütün bunların fonunda əsas sual hələ də açıq qalır: yeni Konstitusiyanın məzmunu necə olacaq?
Konstitusiyanın adı və ya qəbul edilmə proseduru onun mahiyyətini müəyyən etmir. Əsas məsələ onun hansı prinsiplərə söykənəcəyidir. Dövlətin əsasları necə müəyyən ediləcək? Ermənistanın Müstəqillik Bəyannaməsinə münasibət necə ifadə olunacaq? Dövlətin qonşularına münasibətini müəyyən edən hüquqi müddəalar dəyişəcəkmi? Beynəlxalq hüququn, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri yeni konstitusiya mətnində necə əks olunacaq?
Bu suallar cavablandırılmadan yeni Konstitusiya təşəbbüsünün hüquqi nəticələri barədə qəti fikir söyləmək mümkün deyil.
Azərbaycan üçün məsələnin mahiyyəti də məhz buradadır.
Rəsmi Bakı uzun müddətdir bildirir ki, davamlı sülhün hüquqi əsaslarından biri Ermənistanın hüquqi sistemində Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların aradan qaldırılmasıdır. Bu yanaşma təsadüfi siyasi tələb deyil. Dövlətlər arasında bağlanacaq sülh müqaviləsinin dayanıqlılığı tərəflərin daxili hüquq sistemində həmin müqaviləyə zidd hüquqi əsasların qalmamasından da asılıdır.
Beynəlxalq hüququn fundamental prinsiplərindən olan pacta sunt servanda - bağlanmış müqavilələrə vicdanla əməl edilməsi prinsipi də bunu tələb edir. Əgər daxili hüquq sistemi gələcəkdə beynəlxalq öhdəliklərin icrasına mane ola biləcək müddəaları özündə saxlayırsa, bu, hüquqi qeyri-müəyyənlik yaradır və tərəflər arasında etimadı zəiflədir.
Məhz buna görə Paşinyanın bəyanatının əsas əhəmiyyəti yeni Konstitusiya vəd etməsində deyil. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan ilk dəfə olaraq dövlətçilik modelini yenidən müəyyənləşdirmək niyyətini bu qədər açıq şəkildə siyasi gündəliyinə daxil edir.
Lakin bu prosesin real nəticələrini yalnız gələcək konstitusiya layihəsinin konkret müddəaları göstərəcək.
Tarix göstərir ki, yeni Konstitusiya qəbul edən hər bir dövlət əslində təkcə yeni hüquqi mətn qəbul etmir. O, öz gələcəyi barədə seçim edir.
Konstitusiya dövlətin siyasi kimliyini, hüquqi dəyərlər sistemini və gələcək inkişaf istiqamətini müəyyən edən əsas sənəddir. Məhz buna görə onun məzmunu hər zaman adından daha böyük əhəmiyyət daşıyır.
Bu baxımdan Ermənistanın qarşısında duran əsas məsələ yeni Konstitusiyanın qəbul edilib-edilməməsi deyil. Əsas məsələ həmin Konstitusiyanın hansı dövlət fəlsəfəsini ifadə edəcəyidir.
Əgər yeni hüquqi model beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin qarşılıqlı suverenliyinə, ərazi bütövlüyünə hörmətə və regional əməkdaşlığa əsaslanarsa, bu, yalnız Ermənistanın daxili siyasi həyatı üçün deyil, bütün Cənubi Qafqazda davamlı sülh və etimadın formalaşması baxımından da mühüm dönüş nöqtəsi ola bilər.
Bununla yanaşı, bir məqam xüsusilə vurğulanmalıdır. Konstitusiya islahatı sülh müqaviləsinin alternativi deyil. O, yalnız gələcək sülh sazişinin hüquqi dayanıqlığını və uzunmüddətli sabitliyini möhkəmləndirə biləcək mühüm daxili hüquqi mexanizmlərdən biridir.
Əks halda sənədin adı dəyişsə belə, onun doğura biləcəyi hüquqi və siyasi nəticələrin mahiyyəti dəyişməyəcək.
Əliməmməd Nuriyev
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti