“Məqsəd qadağa yox, rəqəmsal məsuliyyətdir” – Əkbər Qoşalı ÖZƏL
16:36 SiyasətMilli Məclis sosial şəbəkələrdə uşaqların müdafiəsi ilə bağlı qanun dəyişikliyini üçüncü oxunuşda qəbul edib. Yeni qaydaya əsasən, 16 yaşadək uşaqların sosial platformalarda hesab açması qadağan edilir, 16-18 yaş arası yeniyetmələrə isə yalnız valideyn razılığı ilə qeydiyyatdan keçməyə icazə verilir.
Uşaqları zərərli təsirlərdən qorumaq məqsədi daşıyan və yaşın yoxlanılması mexanizmini nəzərdə tutan bu qanun, texniki hazırlıq və maarifləndirmə işlərinin aparılması üçün 12 aydan sonra qüvvəyə minəcək.
Mövzu ilə bağlı araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı suallarımızı cavablandırıb: Bu qanunvericilik dəyişikliklərini dövlətin uşaqların təhlükəsizliyinin və milli informasiya mühitinin qorunması baxımından necə qiymətləndirirsiniz?
Öncə, bu məsələyə "qadağa" prizmasından baxmayıb, məhz "məsuliyyət" prizmasından baxmağın daha doğru olduğunu deməliyəm. Çünki söhbət sosial şəbəkələrdən daha çox, gələcək nəslin informasiya mühitində formalaşmasından gedir. XXI yüzildə sərhədlər coğrafiyada olduğu kimi, informasiya məkanında da mövcuddur. Uşağın ilk rəqəmsal təcrübəsi onun gələcək dünyagörüşünə, psixologiyasına, ünsiyyət mədəniyyətinə və hətta milli kimlik duyğusuna təsir göstərir. Mən bunu dövlətin qoruyucu funksiyasının təbii davamı hesab edirəm. Necə ki, ata-ana azyaşlı balasını təhlükəli küçədə nəzarətsiz buraxmır, dövlət də, belə deyək, "rəqəmsal küçə"nin təhlükələrinə qarşı müəyyən hüquq çərçivələri müəyyənləşdirə bilər. Burada məqsəd uşağı dünyadan qoparmaq yox, onu dünyaya daha hazırlıqlı şəkildə çıxarmaqdır. Qanunun qüvvəyə minməsinə qədər nəzərdə tutulan keçid müddəti də göstərir ki, əsas hədəf cəza deyil, texniki hazırlıq və maarifləndirmədir. Açığı, mən həmişə qadağalardan daha çox maarifçi immunitetin vacib olduğunu düşünmüşəm. Hüquq mexanizmi də məhz bu maarifçiliklə tamamlananda daha səmərəli nəticə verəcək.
Dünyanın bir çox ölkəsində oxşar məhdudiyyətlərin tətbiq edildiyini nəzərə alsaq, Azərbaycanın bu istiqamətdə atdığı addım beynəlxalq təcrübə ilə nə dərəcədə uzlaşır?
Məncə, tamamilə uzlaşır. Son illər müxtəlif ölkələrdə uşaqların rəqəmsal təhlükəsizliyi milli təhlükəsizlik və ictimai sağlamlıq məsələsi kimi qiymətləndirilir. Bu baxımdan Azərbaycan hansısa fərqli yol seçmir; əksinə, beynəlxalq təcrübənin müsbət örnəklərini milli gerçəkliyə uyğun tətbiq edir.
Ancaq burada daha bir önəmli məqam var. Bizim cəmiyyət ailə institutuna və mənəvi dəyərlərə söykənən cəmiyyətdir. Ata-ana razılığı mexanizmi də məhz bu ənənə ilə çağdaş texnologiyalar arasında körpü yaradır. Dövlət, ailə və məktəb rəqəmsal tərbiyə məsələsində bir-birini tamamlamalıdır. Rəqəmsal inkişaf nə qədər vacibdirsə, rəqəmsal məsuliyyət də bir o qədər vacibdir. Texnologiya uşaqların əlində oyuncağa çevrilməməli, inkişaf vasitəsinə dönüşdürülməlidir. Məncə, bu qanunvericilik təşəbbüsünün əsas fəlsəfəsi də məhz bundan ibarətdir.
Səidə Ramazanova