Azərbaycan–Avropa münasibətlərində yeni mərhələ: enerji diplomatiyasından güvən coğrafiyasına…
17:00 SiyasətBəzən elə məqamlar olur, siyasi bəyanatlar yalnız cari hadisənin protokol mətni kimi qalmır; onlar, belə deyək, yeni dönəmin açıqlamasəna, duyurusuna çevrilir. Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə görüşdən sonra səsləndirdiyi fikirlər də məhz bu qəbildəndir. Bu bəyanatda təkcə Azərbaycan-Avropa Birliyi münasibətlərinin hazırkı durumundan daha çox, qarşıdakı onilliklərin siyasi fəlsəfəsi görünür.
Əslində, XXI yüzilin böyük rəqabəti artıq yalnız sərhədlər uğrunda getmir; ən böyük rəqabət güvənli tərəfdaş olmaq uğrundadır. Dövlətlərin nüfuzu hərbi güc, iqtisadi potensial ilə yanaşı, sözünün çəkisi, öhdəliyinə sadiqliyi və böhran dönəmində verdiyi güvəncə ilə ölçülür.
Prezident İlham Əliyevin bəyanatında ilk diqqəti çəkən məqam da məhz budur. Bəli, Avropa Komissiyası başçısının Bakıya səfəri tək hadisə deyil; son aylarda Avropa Birliyinin yüksək rəhbərliyinin Azərbaycana ardıcıl səfərləri münasibətlərin yeni siyasi keyfiyyət mərhələsinə keçdiyini göstərir. Bu dinamika təsadüfi sayılmamağı haqq edir. O, qarşılıqlı çıxarların, qarşılıqlı güvənin və dəyişən geosiyasi gerçəkliklərin nəticəsidir.
Örnək versək, enerji artıq iqtisadi məsələ kimi çıxış etmir.
Uzun illər enerji təhlükəsizliyi əsasən iqtisadi kateqoriya kimi təqdim olunurdu. Çağdaş dünya isə bunun yetərli olmadığını göstərdi.
Enerji təhlükəsizliyi elə milli təhlükəsizlikdir. Bu fikir Prezidentin çıxışında xüsusi vurğulanır və əslində, çağdaş dövlət nəzəriyyəsinin də əsas tezislərindən biridir. Çünki enerji təminatı olmayan dövlətin iqtisadi sabitliyi də, sosial rifahı da, siyasi müstəqilliyi də risk altına düşür.
Azərbaycan fərqli model təqdim edir. Biz sadəcə enerji göndərmirik; biz enerji güvəncəsi verən dövlətik.
Burada qaz kəmərləri yalnız polad borular sayılmır və dövlətlər arasında uzanan güvən arteriyaları təsiri bağışlayır. Güney Qaz Dəhlizi bunun ən uğurlu örnəyidir. Azərbaycanın milyardlarla dollarlıq yatırımları nəticəsində yaranmış bu infrastruktur artıq Avropanın enerji xəritəsinin ayrılmaz hissəsinə çevrilib.
Yaxşı bəs Azərbaycanın yeni geosiyasi missiyası nədir?
Çağdaş beynəlxalq münasibətlərdə ölkələr coğrafi mövqelərindən daha çox, əlaqələndirici funksiyalarına görə dəyər qazanır.
Azərbaycan bu gün Gündoğarla Günbatar arasında körpü olmaqdan daha artıq hadisələrə səhnə olur, yiyəlik edir.
Bakı Avrasiyanın logistik sinir sisteminin önəmli düyün nöqtəsinə çevrilməkdədir.
Gündoğar-Günbatar, Quzey-Güney daşıma dəhlizlərinin Azərbaycandan keçməsi təsadüfi və ya sırf coğrafiya məsələsi kimi qiymətləndirilməməlidir. Bu, uzun illər boyunca aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Limanlar, dəmir yolları, magistrallar və rəqəmsal logistik infrastruktur Azərbaycanın tranzit imkanlarını regional səviyyədən qlobal əhəmiyyətə yüksəldib.
Bəli, biz də dəfələrlə eşitmişik - coğrafiya taledir deyirlər.
Ancaq çağdaş dönəmdə ağıllı siyasət coğrafiyanı strateji üstünlüyə çevirə bilir.
Bax, Azərbaycan bunun parlaq örnəklərindən biridir.
O cümlədən yaşıl enerji - gələcəyin diplomatiyasıdır.
Əgər XX yüzil neft diplomatiyasının yüzilliyiydisə, XXI yüzil yaşıl enerji diplomatiyasının şahlanış dönəmi olacaq.
Prezident Əliyevin səsləndirdiyi rəqəmlərin təsadüfi statistika olmadığı bəllidir.
Beş-altı il içində səkkiz giqavatlıq günəş və külək enerjisi potensialının yaradılması Azərbaycanın post-neft inkişaf modelinin əsas istiqamətlərindən birini nümayiş etdirir.
Burada diqqət çəkən başqa bir məqam da var. - Azərbaycan ənənəvi enerji ilə bərpaolunan enerji arasında qarşıdurma yaratmır.
Əksinə, onların harmoniyasını qurur.
Bu isə enerji keçidinin ən rasional modelidir.
Bu vurğulardan sonra keçək sülh iqtisadiyyatına. Bəli, sülh iqtisadiyyatı! - Prezidentin çıxışının ən önəmli istiqamətlərindən biri Ermənistanla normallaşma prosesi idi.
Burada sülh yalnız siyasi sənəd kimi təqdim olunmur.
Sülh gündəlik həyatın iqtisadi münasibətlərində də görünməlidir.
Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, enerji daşıyıcılarının Ermənistana çatdırılması və iqtisadi əməkdaşlığın genişlənməsi məhz bu yanaşmanın örnəkləridir.
Əsl sülh isə düşmənin susması ilə tamamlanmır.
Əsl sülh, necə deyərlər, işbirliyinin danışmağa başlamasıdır.
Bax, bu, çağdaş beynəlxalq münasibətlərin ən önəmli fəlsəfəsi deyilmi?..
Sülh iqtisadiyyatından keçək güvən geosiyasətinə...
Dünya artıq yeni mərhələyə daxil olub.
Öncələr dövlətlər sərvətlər uğrunda rəqabət aparırdı...
Sonra bazarlar uğrunda...
Bu gün isə güvən uğrunda...
Çünki güvənsiz tərəfdaşın nə qazı, nə limanı, nə də maliyyəsi uzunmüddətli üstünlük yarada bilər...
Azərbaycan son illərdə məhz bu güvən kapitalını formalaşdırıb.
Bunun nəticəsidir ki, Avropa ilə enerji işbirliyi genişlənir, daşıma layihələri böyüyür, yaşıl enerji sahəsində yeni tərəfdaşlıqlar qurulur və bölgədə sülh təşəbbüsləri beynəlxalq dəstək qazanır.
Beləliklə,
Azərbaycanın xarici siyasəti yalnız situativ reaksiyalar üzərində qurulmur.
Burada uzunmüddətli dövlət düşüncəsi, dövlət ağlı mövcuddur.
Enerjidən təhlükəsizliyə,
təhlükəsizlikdən logistikə,
logistikdən iqtisadiyyata,
iqtisadiyyatdan sülhə,
sülhdən isə güvənə uzanan vahid strateji zəncir formalaşdırılır.
Bax, buna görə Azərbaycan yalnız enerji göndərən ölkə statusundan daha üstün - güvən göndərən dövlətə çevrilib.
XXI yüzilin beynəlxalq münasibətlər sistemində ən qiymətli resurslardan biri də elə bu deyilmi?..
Dövlətçilik artıq ayrı-ayrı proqramlardan daha çox, bir-birini tamamlayan strateji baxışların üzərində yüksəlir. Azərbaycanın üstünlüyü də məhz bu bütöv yanaşmadadır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI