Azərbaycan- regionda sabitlik, etimad və ortaq rifah nümunəsi
12:19 Siyasətİlham Əliyev: "Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq"
Ursula Fon der Lyayen: "Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz"
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Aİ ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalmasına baxmayaraq, ŞT-nin çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional siyasət kontekstində öz milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaratmaqla Aİ ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır.
Hazırda da Abropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında Avropa İttifaqı 2-ci yerdə dayanır. Tərəflər arasında siyasi, iqtisadi, humanitar və texnoloji əməkdaşlıq uzunmüddətli hədəflərə hesablanıb. Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri bir daha təsdiq etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin mətbuata verdikləri bəyanatlarda gələcək əməkdaşlığın konturları dəqiqliyi ilə diqqətə çatdırıldı. Prezident İlham Əliyev qeyd etdi ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır: "Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır. Biz xanım Prezidentlə, həmçinin Azərbaycanın Günəş, külək və su elektrik enerji potensialını, o cümlədən artıq mövcud ötürmə xətlərini və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə etdik. Bu baxımdan biz, həmçinin strateji tərəfdaş ola bilərik. Mən xanım Prezidentə məlumat verdim ki, indiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr bizə növbəti beş və ya altı il ərzində səkkiz giqavat Günəş və külək enerjisini əldə etmək imkanı verəcək. Bunlar yalnız imzalanan müqavilələrə aiddir və öz növbəsində, müqavilə öhdəliyi deməkdir. Lakin birmənalı olaraq, daha çox həcmlər olacaq". Səfər çərçivəsində regional təhlükəsizlik məsələləri, xüsusən də uğurla gedən Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi şəkildə müzakirə edilib: "Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk. Xanım Prezident, həmçinin mənə məlumat verdi ki, Avropa Komissiyası çox kömək edə bilər və bunu arzulayır. Bu baxımdan biz hər hansı köməyi, hər hansı yardımı yüksək dəyərləndirərdik. Düşünürəm ki, bütün bunlar regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, hər hansı münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcək".
Xanım Prezident isə öz növbəsində Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirərək dayanıqlı sülh şəraitinin yaradılacağına söz verdi: "Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir. Biz bunu davam etdirəcəyik. Biz kağız üzərində sülhü birlikdə real sülhə çevirə bilərik. Məhz buna görə biz bu gün burada birlikdə çalışırıq. Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Həmçinin yaxşı olardı ki, burada - Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi üzərində də işləyək. Beləliklə Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik".
Ursula von der Leyenin Bakıya səfəri həm Azərbaycan-Aİ münasibətləri, həm də Cənubi Qafqazın gələcəyi baxımından bir neçə mühüm istiqamətdə nəticələr vəd edir. Hazırkı açıqlamalar və görüşlərin gündəliyinə əsasən əsas gözləntilərdən biri enerji sahəsində əməkdaşlığının dərinləşdirilməsidir ki, Aİ Azərbaycanın təbii qaz və bərpa olunan enerji potensialını Avropanın enerji təhlükəsizliyi üçün vacib hesab edir. Sözssüz ki, bu istək tərəflərin enerji ixracı və "yaşıl enerji" layihələri üzrə əməkdaşlığı genişləndirməsi gözlənilir.
Digər gözlənti nəqliyyat və logistika layihələrinə investisiyalarıdır. Von der Leyen Bakıda Aİ-Azərbaycan Bağlantı Tərəfdaşlığının yaradılmasını təklif edib. Aİ-nin 200 milyon avroya qədər qrant ayıracağı, bunun isə daha sonra dövlət və özəl maliyyələşmə hesabına milyardlarla avroluq investisiyanı hərəkətə gətirə biləcəyi açıqlanıb. Layihələr əsasən nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişafına yönələcək.
Ən vacibi isə sülh prosesinə dəstəkdir ki, Aİ Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşmasının praktik nəticələr verməsini istəyir. Bu məqsədlə sərhədyanı icmalar, minatəmizləmə, səhiyyə və kiçik biznes üçün əlavə maliyyə dəstəyi də elan olunub. Sadalanan əməkdaşlıq sahələri Aİ-nin regiondakı rolunun artmasına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, bu səfər Brüsselin Cənubi Qafqazda siyasi və iqtisadi təsirini gücləndirmək, regionu Avropa ilə Mərkəzi Asiya arasında strateji bağlantı mərkəzi kimi inkişaf etdirmək niyyətini göstərir. Bununla yanaşı, səfərin müəyyən məhdudiyyətləri də var. Bəzi Avropa institutları və hüquq müdafiəçiləri insan hüquqları və vətəndaş cəmiyyəti ilə bağlı məsələlərin də gündəmə gətirilməsinin vacibliyini vurğulayırlar. Bu səbəbdən münasibətlər enerji və iqtisadi əməkdaşlıqla yanaşı, siyasi dialoq müstəvisində də davam edəcək. Daha dəqiq isə Aİ investisiyalarının artması, enerji və nəqliyyat layihələrinin sürətlənməsi. Azərbaycanın Orta Dəhlizdə rolunun güclənməsi, sülh sazişinin iqtisadi dividendlərinin reallaşdırılması əsas gözləntilər sırasındadır.
Alim Hüseynli