Vaşinqtonun səfir strategiyası: Cənubi Qafqazda yeni diplomatik mərhələ- ÖZƏL 

ABŞ-nin Azərbaycan, Ermənistan və Gürcüstanda uzun müddətdir səfir təyin etməməsi Cənubi Qafqazda geosiyasi rəqabətin gücləndiyi bir dövrdə diqqət çəkir. Ekspertlər bunu Vaşinqtonun bölgədən uzaqlaşması deyil, yeni geosiyasi reallıqları nəzərə alaraq daha ehtiyatlı və çevik diplomatik strategiya seçməsi kimi qiymətləndirirlər.

ABŞ-nin Azərbaycan, Ermənistan və Gürcüstanda eyni vaxtda səfir təyin etməməsi Vaşinqtonun Cənubi Qafqaz strategiyası barədə hansı mesajı verir?
Aleksandr Aldenin Azərbaycana səfir təyinatı təsdiqlənərsə, bu, ABŞ-Azərbaycan münasibətlərinə və regiondakı geosiyasi proseslərə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Rufiz Hafizoğlu Olaylar.az-a açıqlama verib:
" Birləşmiş Ştatların Cənubi Qafqaza yanaşması üç əsas prinsip üzərində qurulub. Daha doğrusu, bu yanaşmanı üç hissəyə bölmək olar.
Birinci prinsip Birləşmiş Ştatların Cənubi Qafqaza ümumi yanaşmasıdır. Yəni Türkiyə, Rusiya və İran amillərini nəzərə alaraq Azərbaycan, Gürcüstan və Ermənistana münasibətin formalaşdırılması.
İkinci yanaşma spesifik olaraq Ermənistan və Gürcüstana yönəlib. Bu açıq şəkildə ifadə olunmasa da, müəyyən mənada xristian həmrəyliyi çərçivəsində formalaşan yanaşma kimi qiymətləndirilə bilər. Bu da bir reallıqdır. Hər nə qədər bunun üzərində dayanılmasa da, üçüncü yanaşma isə Azərbaycana fərqli münasibətdir.
Təbii ki, bunların hər birini ayrıca təhlil etmək olar. Amma məsələ ondadır ki, bəzi şəxslərin iddia etdiyi kimi, Cənubi Qafqaz ABŞ üçün o qədər də strateji əhəmiyyət daşımır fikri doğru deyil. Cənubi Qafqaz, Xəzər bölgəsi, Xəzər hövzəsi, ümumiyyətlə Rusiyanın cənub sərhədləri, eləcə də Ermənistan, Azərbaycan və Gürcüstan Birləşmiş Ştatlar üçün strateji əhəmiyyətə malikdir.
Bəli, Birləşmiş Ştatlar bunu hər zaman açıq şəkildə dilə gətirməsə də, bu, mövcud reallıqdır. Hazırda Ukraynada baş verən hadisələr Cənubi Qafqazın əhəmiyyətini müəyyən qədər arxa plana keçirsə də, ABŞ-ın regiona marağının azaldığını söyləmək doğru olmaz.
Burada xüsusilə Azərbaycan amilinə toxunmaq istərdim. ABŞ ilə Azərbaycan arasında münasibətlər və Vaşinqtonun Azərbaycana yanaşması heç də hər zaman yüksələn xətt üzrə inkişaf etməyib. Zaman-zaman Azərbaycana təzyiq göstərmək cəhdləri olub, Qarabağ məsələsi ilə bağlı müxtəlif tələblər irəli sürülüb, insan hüquqları kimi məsələlər gündəmə gətirilib. Əslində bunlar ABŞ-ın Azərbaycana qarşı təzyiq mexanizmlərini əlində saxlamaq istəyi kimi qiymətləndirilə bilər.
Ancaq bugünkü vəziyyət fərqlidir. Azərbaycanın xarici siyasəti və Prezident İlham Əliyevin formalaşdırdığı yeni reallıq var. Qarabağ probleminin həll olunması, Azərbaycanın mühüm nəqliyyat və enerji dəhlizlərində aparıcı rol oynaması, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas tərəfdaşlardan birinə çevrilməsi ABŞ-ın beyin mərkəzlərinin və xarici siyasət dairələrinin diqqətindən kənarda qala bilməz.
Əgər ABŞ-ın Ermənistan, Azərbaycan və Gürcüstana münasibətini müqayisə etsək, Azərbaycanın geosiyasi mövqeyi və yaratdığı yeni reallıqların daha qabarıq şəkildə ön plana çıxdığını görərik. Təbii ki, Birləşmiş Ştatlar da bundan maksimum faydalanmağa çalışır.
Səfirlərin təyinatına gəlincə, mən düşünürəm ki, ABŞ üçün onların eyni vaxtda təyin olunması o qədər də prinsipial məsələ deyil. Əsas məsələ həmin səfirlərin ölkələr arasında hansı diplomatik rolu oynayacağıdır. Biz məsələyə bu prizmadan yanaşmalıyıq. İndiyədək səfir təyin olunmaması, bundan sonra təyin olunması, yaxud üç ölkəyə eyni vaxtda və ya ayrı-ayrılıqda səfir göndərilməsi məsələnin mahiyyətini ciddi şəkildə dəyişmir. Xüsusilə də ABŞ üçün.
Ancaq Ermənistana, Gürcüstana və Azərbaycana kimlərin səfir təyin olunacağı mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, bu təyinatlardan sonra Birləşmiş Ştatların Cənubi Qafqazın üç ölkəsinə münasibətdə gələcək siyasətinin əsas istiqamətləri daha aydın şəkildə müəyyənləşəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31