Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi Azərbaycanı risklərdən sığortalayır - ÖZƏL
14:58 Siyasət"Davam edən rəqəmsallaşma mühitində süni intellekt həllərinin istifadəsinin nəzəri aspektləri qədər praktik aspektlərinin də aktuallığının artdığını görürük. Çünki bu sahə birbaşa insanların həyat və fəaliyyətinə dərindən təsir edir. Bu istiqamətdə trendləri, sektorları, məlumat təhlükəsizliyini, eləcə də kiberdavamlılığı nəzərə alaraq ətraflı araşdırmalara da ehtiyac yaranmışdır."
Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"İqtisadiyyatın və siyasətin bütün sahələrində rəqəmsal transformasiyanın artan tempi ilə süni intellekt əsaslı metodlardan istifadəyə ehtiyac da artır. Bu gün biznes təşkilatlarının əməliyyatlarının təkmilləşdirilməsinə ehtiyac artmış, eyni zamanda biznesin bütün ölçüləri, yəni əməliyyatlar, müştəri təcrübəsi və qərarqəbuletmə prosesi əhəmiyyətli dərəcədə dəyişmişdir.
Məlumat təhlükəsizliyi və etik məsələlərlə bağlı ciddi problemlərin mövcud olduğu bir zamanda bu amil həm şəxsi, həm də milli təhlükəsizliklə birbaşa bağlıdır. Bu istiqamətdə qeyd olunmalı məqam həm də ondan ibarətdir ki, süni intellektin inkişafı qlobal təhlükəsizliyə təsir edir.
Enerji imkanlarının və süni intellektin inkişafının beynəlxalq güc balansına və qlobal təhlükəsizliyə də təsirsiz ötüşmədiyini görürük. Süni intellekt texnologiyalarındakı irəliləyişlər məlumat mərkəzlərinin böyük enerji ehtiyatlarını əldə etmək və istifadə etmək qabiliyyətindən asılıdır. Beləliklə, enerji imkanlarının və enerji səmərəliliyinin məlumat mərkəzlərinə necə təsir etdiyini, eləcə də məlumat mərkəzlərinin süni intellektin inkişafına potensial təsirini nəzərə almaq süni intellekt, beynəlxalq güc balansı və qlobal təhlükəsizliklə bağlı müzakirələr üçün bu gün xüsusi aktuallıq kəsb edir.
Dövlət sərvətinin səviyyəsi, kiber imkanlar və hərbi xərclərlə bu sahə birbaşa əlaqəlidir. Bunu belə izah etmək olar ki, əvvəlki dövr yeraltı sərvətlərlə, sonrakı dövr kosmik fəza ilə xarakterizə olunurdusa, indiki və gələcək dövr beyinlərlə xarakterizə olunacaq. Bu baxımdan həmin sahə xüsusi əhəmiyyət kəsb edir.
Məlumat mərkəzləri məlumatların giriş, zəka və anlayışların isə çıxış kimi istifadə edildiyi süni intellekt fabriklərinə çevrilir. Məlumat mərkəzləri süni intellekt proqramlarını məlumatların emalı, model təlimi və nəticələrin çıxarılması istiqamətində idarə etmək üçün tələb olunan saxlama tutumu, hesablama gücü və infrastrukturu təmin edir.
Süni intellekt axtarışları və tapşırıqları adi internet axtarışları və tapşırıqları ilə müqayisədə dəfələrlə çox elektrik enerjisi tələb edir. Bu baxımdan süni intellekt üzrə hesablama gücünün artması ilə məlumat mərkəzlərini idarə etmək üçün mövcud enerji imkanları arasında tez-tez əhəmiyyətli uyğunsuzluq yaranır. Buna görə də dövlətlər enerji təhlükəsizliyi istiqamətində bu gün təxirəsalınmaz tədbirlər görürlər. Məlumat mərkəzləri tərəfindən tələb olunan böyük həcmdə enerji süni intellektin inkişafı üçün vacib məsələlərdən biridir.
Dövlətlərin məlumat mərkəzlərinin vəziyyəti, enerji imkanları və süni intellektin inkişafı birbaşa onların gücü, eləcə də qlobal təhlükəsizliyə potensial təsiri kontekstində nəzərdən keçirilir. Bu baxımdan Azərbaycan dünya trendlərindən və mövcud çağırışlardan kənarda qalmadan addımlar atır.
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə vahid fəaliyyət planı da təsdiq edilmişdir ki, həmin plan üzrə işlər ardıcıl və koordinasiyalı şəkildə həyata keçirilir.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb və şuranın tərkibini də təsdiq edib. Nəzərə alsaq ki, bilik, bacarıq, texniki keyfiyyətlər, eləcə də geniş beynəlxalq əlaqələrə önəm verən dövlət başçımız tərəfindən şuranın tərkibinə yüksək ixtisaslı kadrların cəlb olunması Azərbaycanda formalaşdırılan savadlı kadr potensialının göstəricisidir. Çünki dövlət başçımızın da vurğuladığı kimi, illər ərzində imzalanan müqavilələr və beynəlxalq tərəfdaşlıq qədər daxildə formalaşdırılan kadr potensialı da bu sahədə xüsusi əhəmiyyət kəsb edir.
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk iclasda da Mehriban Əliyeva süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində artan rolundan bəhs etdi. Bu istiqamətdə qeyd olunmalı məqam ondan ibarətdir ki, süni intellekt texnologiyaları beynəlxalq güc balansına, hərbi münaqişələrə və qlobal təhlükəsizliyə ciddi təsir göstərmək potensialına malikdir. Bu istiqamətdə Azərbaycanın təhlükəsizlik orqanlarının koordinasiyalı fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Məhz buna görə Azərbaycan təhlükəsiz ölkə kimi tanınır. Bunu qüvvətləndirən arqument ondan ibarətdir ki, son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan artıq sərmayə qoyulub. Bu istiqamətdə yeni sahələr də formalaşır.
Cənab Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni qəbul edərkən bildirdi ki, Avropa Komissiyası ilə münasibətlərimizin kifayət qədər yeni istiqaməti bərpa olunan enerji ilə bağlıdır. Deməli, yeni sahələr üzrə də rəqəmsallaşmanın, süni intellektin və data mərkəzlərinin aktuallığı artır.
Azərbaycan coğrafi mövqeyini ziyanına işləyən uğursuz təcrübəyə deyil, xeyrinə işləyən reallığa çevirməyi bacarır. İllər ərzində transmilli, böyük şirkətlərlə iş təcrübəmizin olması da böyük üstünlükdür. Müsbət investisiya mühitini yaradan amillərdən biri də məhz budur.
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu iclasda qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret yol xəritəsi üzrə tapşırıq və tövsiyələrin verilməsi Azərbaycanı proqnozlaşdırılması çətin olan risklərdən də sığortalayır.
Yeni çağırışlar mövcud reallıqlarla paralel şəkildə inkişaf edir. Bu istiqamətdə Azərbaycanın uğurunu təmin edən əsas amil beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, milli maraqların da uzlaşdırılmasıdır."
İbrahim Məmmədli