Gələcəyin şəhərləri bütün mədəniyyətlərə daha çox hörmət edən məkanlar olmalıdır - Rəvan Həsənov

Yerli xalqların bilik və təcrübələri keçmişə aid miras deyil, bu gün və gələcəyin problemlərinin həlli üçün mühüm mənbədir.

Trend xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda WUF13 çərçivəsində keçirilən "Yerli xalqların hüquqları" üzrə dəyirmi masada deyib.

O bildirib ki, belə müzakirə platformaları yalnız fikir mübadiləsi üçün deyil, real problemlərin həlli və əməkdaşlığın inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

"İnanıram ki, bu dəyirmi masalar bizə real problemlərin həlli üçün qərarlar qəbul etməyə kömək edəcək. Məqsəd yalnız bir-birimizi dinləmək deyil, eyni zamanda əməkdaşlığımızı inkişaf etdirmək və bir-birimizə dəstək olmaqdır", - deyə o qeyd edib.

Rəvan Həsənov vurğulayıb ki, gələcəyin şəhərləri daha müasir, daha səmərəli və bütün mədəniyyətlərə daha çox hörmət edən məkanlar olmalıdır.

Onun sözlərinə görə, yerli xalqların yanaşmaları dayanıqlı inkişaf baxımından mühüm nümunədir:

"Yerli xalqların torpağa münasibəti sahiblik üzərində deyil, onu qorumaq və paylaşmaq prinsipi üzərində qurulub. Xüsusilə iqlim dəyişiklikləri və ekoloji problemlərin artdığı bir dövrdə bu düşüncə tərzi böyük əhəmiyyət daşıyır. Onlar təbii resurslara hörmətlə yanaşır və qərarlarını icma maraqlarını nəzərə alaraq qəbul edirlər. Bu isə bu gün dünyada ehtiyac duyduğumuz inkişaf modelidir".

İcraçı direktor qeyd edib ki, Azərbaycanda "yerli xalqlar" termini istifadə olunmasa da, ölkə əsrlər boyu formalaşmış zəngin etnik, dini və mədəni müxtəlifliyə malikdir.

"Azərbaycanda 30-dan çox xalqın nümayəndəsi müxtəlif dilləri, mədəniyyətləri və inancları ilə birlikdə yaşayır. Multikulturalizm, qarşılıqlı anlaşma və dinc birgəyaşayış bizim reallığımızdır. Bu, təkcə həyat tərzimiz deyil, həm də dövlət siyasətidir", - deyə o bildirib.

Rəvan Həsənovun sözlərinə görə, multikulturalizm siyasəti ilə yerli icmaların cəmiyyətə inteqrasiyası arasında mühüm oxşarlıqlar mövcuddur.

"Hər iki yanaşma tanınma, iştirakçılıq və müxtəlif biliklərdən qarşılıqlı şəkildə öyrənmək prinsiplərinə əsaslanır. Biz bu siyasətə böyük önəm veririk", - deyə o vurğulayıb.

O əlavə edib ki, Azərbaycan işğaldan azad edilmiş Qarabağ bölgəsində aparılan yenidənqurma prosesində müasirlik, innovasiya və müxtəliflik prinsiplərini bir araya gətirməyə çalışır.

"Şəhərlər bizim üçün yalnız daş, bina və ya infrastruktur deyil. Biz mədəni irsi, dini ibadət məkanlarını, tarixi abidələri və Azərbaycanda yaşayan bütün xalqların irsini qoruyuruq. Bu yanaşma dövlətin bütün irsə bərabər dəyər verdiyini göstərir və cəmiyyətdə sosial həmrəyliyin möhkəmlənməsinə xidmət edir", - deyə o qeyd edib.

Rəvan Həsənov sonda bildirib ki, yerli xalqların təcrübəsi inkişafın yalnız irəliyə doğru hərəkət deyil, həm də köklərə, tarixə və mədəniyyətə bağlı qalmaq olduğunu xatırladır.

"Son günlər ərzində bir-birimizdən çox şey öyrəndik, müxtəlif baxışlarla tanış olduq. İnanıram ki, Bakı bundan sonra da insanların bir araya gəldiyi və yeni əməkdaşlıqların təməlini qoyduğu mühüm platforma olaraq qalacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün yekun günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı məsələlərinə dair müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

WUF13-ün ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığı mövzularına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Həmçinin WUF13 çərçivəsində Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm platforma kimi təqdim olunan Mexiko şəhərinin pavilyonunun açılışı olub.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzularda müzakirələr aparılıb.

Üçüncü günün ən diqqətçəkən hadisələrindən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma memorandumu imzalanması olub.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişikliyi, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.

Həmçinin Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə olaraq "WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıq və qərarqəbuletmə" (WUF13 NGO Forum) keçirilib.

Forumun beşinci günündə qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dəyişikliklərinə davamlılıq, şəhər idarəçiliyində süni intellektin tətbiqi, "yaşıl" urbanizasiya və sosial bərabərlik məsələlərinin müzakirəsi davam etdirilib.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunan WUF13 forumu dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirib. Forumda iştirak üçün dünyanın 182 ölkəsindən 40 mindən çox insan qeydiyyatdan keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31