Avropanın təhlükəsizlik dilemması: Ukrayna müharibəsi NATO-nu hara aparır? ÖZƏL
16:40 Siyasət"Hazırda Rusiya və Baltikyanı ölkələr arasında yaşanan diplomatik gərginlik qarşılıqlı hərbi çağırışlar fonunda yeni mərhələyə adlayıb və hadisələrin bu səmtdə inkişafı Rusiya və NATO-u hərbi konfrantasiyaya sürükləyir, hərçənd NATO-nun kollektiv təhlükəsizlik barədə öhdəlikləri
ilə əlaqədar tərəflərin birbaşa hərbi qarşıdurmaya getmə ehtimalları zəifdir.
Tərəflər arasında münasibətlərdə diplomatik gərginliyin yüksəlməsi Rusiya-Ukrayna müharibəsi, AB və NATO-nun bu müharibə ilə bağlı tutduqları mövqe, müharibənin Avropalı siyasətçilərin fikrincə AB ölkələri, ilk növbədə Şərqi Avropa, habelə Baltikyanı ölkələrin ərazisinə adlama perspektivləri ilə bilavasitə bağlıdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Elşən Manafov söyləyib:
"AB və NATO üzvü olan Baltikyanı ölkələr, xüsusilə Latviya NATO-u Rusiya təcavüzü ilə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görməyə dəvət edir. Xüsusilə Latviya AB və NATO-nu onun ərazisindəki NATO hərbi bazalarından Rusiyaya dron və pilotsuz təyyarə zərbələri endirməyi təklif edib, hərçənd, rəsmi Riqa bunu təkzib edir və Rusiya tərəfindən Baltikyanı ölkələrə hücumları əsaslandırmaq üçün düşünülmüş dezinformasiya olduğunu bildirib.
Lakin, təkzibolunmaz faktdır ki, son vaxtlar AB ölkələrində dron istehsalı bir neçə dəfə artırılıb və bu dronlar Ukrayna tərəfindən Rusiyaya qarşı müharibədə istifadə edilir. Bu AB-nin Rusiyaya qarşı müharibədə artıq tərəf olduğunu göstərən ciddi dəlildir və Rusiya onun suverenliyini təhdid edən tərəflərə onların da, hədəf olacaqları barədə xəbərdarlıq edib. AB bununla bağlı dronların onun deyil, Ukraynanın AB ölkərindəki hərbi təyinatlı müəssisələrində istehsal edildiyini bəyan edir. Rusiya kəşfiyyatı isə bu zavodların Ukraynaya aid olması barədə AB rəsmilərinin açıqlamalarını həqiqəti gizlətmək istəyindən başqa bir şey olmadığını bəyan edir.
Danılmayan həqiqət isə bundan ibarətdir ki, ABŞ prezidenti Tramp Ukraynanın hərbi təchizatı ilə bağlı məsələlərdə tərəf olmayacağını bəyan etdikdən sonra Ukraynanın maliyyə və hərbi təchizatı ilə bağlı problemlərin həlli AB-nin üzərinə düşüb. Hadisələrin gedişatı göstərir ki, bu maliyyə yükü ABŞ-ın kənarda durduğu bir şəraitdə AB-nin büdcəsi üçü ciddi problemə çevrilib, ABŞ olmadan Avropa öz təhlükəsizliyi ilə bağlı məsələlərin öhdəsindən gəlməkdə çətinlik çəkir. Üstəlik, ABŞ-ın İrana qarşı başladığı hərbi əməliyyatlar ABŞ raketlərinin tükənməsinə səbəb olub, onun hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və təkmilləşdirilməsinə ehtiyacları artıb.
Müharibənin AB-mi ərazinə adlama ehtimalları AB-ni Ukraynaya dəstəyi artırmaq zərurəti qarşısında qoyub. AB nin ucuz rus qazından məhrum olması, üstəlik İranın Hörmüz boğazını bağlaması nəticəsində Avropada dərinləşməkdə olan enerji böhranı isə avropalı istehlakçıların Avropa hökumətlərinə ünvanlanmış tələblərinin sərtləşməsinə gətirib çıxarıb. Vəziyyətdən çıxmaq üçün Avropada qlobalistlərlə bağlı siyasi dairələr "ruslar gəlirlər" adlı soyuq müharibə dövründən qalma təbliğat tezisini gündəmdə saxlamaq məcburiyyətindədirlər. Bununla belə Şərqi Avropa, habelə Baltikyanı ölkələrin siyasi elitaları ilə müqayisədə Qərbi Avropa dövlətlərinin liderləri Rusiyaya ünvanlanmış açıqlamalarında daha ehtiyatlı və təmkinli bəyənatlar səsləndirirlər.
ABŞ-ın yeni siyasi rəhbərliyinin Ukrayna və Avropa təhlükəsizlik məsələlərinə münasibətdə sərgilədiyi mövqe isə qoca qitənin siyasi rəsmilərini Rusiya ilə munasibətləri daha praqmatik müstəvi üzərində inkişaf etdirmək zərurəti qarşısında qoyub".
Zeynəb Mustafazadə