Avropanın Azərbaycan qazı paradoksu: Həm daha çox qaz istəyirlər, həm də zəmanət vermirlər – ÖZƏL

"Avropa İttifaqının Azərbaycan qazına, dünyada baş verən iqtisadi-siyasi proseslərin nəticəsi olaraq, həqiqətən də ciddi ehtiyacı var. Lakin bu ehtiyac artsa da, Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı maliyyələşmə və uzunmüddətli müqavilələr məsələsində Avropa tərəfi ehtiyatlı davranır. Bunun isə bir neçə əsas səbəbi mövcuddur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. İqtisadçı bildirib ki, əsas səbəb Avropanın enerji strategiyası ilə bağlıdır. Bildiyiniz kimi, Avropa İttifaqı 2050-ci ilə qədər karbon neytrallığı hədəfi müəyyənləşdirib. Bu səbəbdən Avropanın maliyyə institutları yeni fosil yanacaq layihələrinə əvvəlki kimi aktiv kredit ayırmağa çalışmırlar. Xüsusilə də Avropa İnvestisiya Bankı və digər maliyyə qurumları son illərdə qaz layihələrinin maliyyələşdirilməsinə ciddi məhdudiyyətlər tətbiq edirlər. Yəni maraqlı bir paradoks yaranıb: bir tərəfdən Avropa öz enerji təhlükəsizliyini təmin etməyə çalışır, digər tərəfdən isə "yaşıl keçid", "yaşıl iqtisadiyyat" kimi siyasətlərdən geri çəkilmək istəmir. Digər mühüm məsələlərdən biri də uzunmüddətli müqavilələrlə bağlıdır. Bilirsiniz ki, Avropa ölkələri əvvəllər Rusiya ilə 20-30 illik qaz müqavilələri bağlayırdı. Lakin hazırda bazarda daha çevik və qısamüddətli tərəfdaşlıqlara üstünlük verilir. Çünki gələcəkdə qaz tələbatının azalacağı ehtimal olunur. Bərpa olunan enerjinin payı artır, mayeləşdirilmiş təbii qaz - LNG bazarı genişlənir. Bu baxımdan uzunmüddətli öhdəliklər siyasi və iqtisadi risk kimi qiymətləndirilə bilər. Məhz buna görə də Avropa ölkələri milyardlarla avro dəyərində yeni infrastruktur layihələrinə dövlət zəmanəti verməkdə tərəddüd edirlər.

"Digər tərəfdən isə Azərbaycan faktiki olaraq Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaşa çevrilib. Düzdür, Azərbaycan Avropanın ümumi qaz tələbatını tam qarşılayan ölkə deyil. Lakin son illərdə artım dinamikası müşahidə olunur. Əvvəllər Avropanın enerji təchizatında Azərbaycanın payı təxminən 2 faiz idisə, yeni yanaşmalar nəticəsində bu göstərici artıq 4 faizə qədər yüksəlib. Xüsusilə Ukrayna-Rusiya müharibəsindən sonra Avropa alternativ enerji mənbələrinə daha çox ehtiyac duymağa başladı. Azərbaycan isə hasilatı artırmaqla özünü etibarlı enerji təchizatçısı kimi təsdiqləməyi bacardı. Ancaq burada yenə də müəyyən paradoks meydana çıxır: Avropa daha çox qaz istəyir, lakin qaz infrastrukturunun qurulması üçün uzunmüddətli maliyyə və hüquqi zəmanətlər verməyə tam hazır görünmür. Hazırda Cənub Qaz Dəhlizinin qarşısında duran əsas problemlərdən biri də məhz budur. Əgər Avropada enerji tələbatı yüksək olaraq qalarsa, Rusiya qazından imtina prosesi davam edərsə və mayeləşdirilmiş qazın qiymətləri yüksək səviyyədə qalarsa, bu halda Avropa şirkətləri və bəzi dövlətlər Azərbaycanla daha uzunmüddətli müqavilələr bağlamağa maraq göstərə bilərlər", - deyə A. İbrahimov vurğulayıb.

İqtisadçı əlavə edib ki, Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə artıq bir sıra Avropa ölkələri ilə əməkdaşlığı mövcuddur. Xüsusilə İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstan kimi ölkələr hazırda da Azərbaycan qazına ciddi maraq göstərirlər və bu marağın gələcəkdə daha da artacağı gözlənilir. Lakin yaxın perspektivdə Avropanın böyük həcmli dövlət zəmanətləri verməsi və Rusiya ilə olduğu kimi klassik 20-30 illik müqavilə modelinə qayıtması hələ tam real görünmür. Mövcud siyasi və iqtisadi şərait fonunda daha çox hibrid modelə, orta müddətli kontraktlara, mərhələli investisiyalara və daha məhdud maliyyələşdirmə variantlarına üstünlük veriləcəyi ehtimal olunur.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31