TURAN ELLƏRİNİN SÖZ ÇƏLƏNGİ...

(Nəşr olunmuş bir yeni kitabın təqdimatı)
Son günlər nəşr olunmuş yeni kitabım Odlar Yurdu Azərbaycan tarixində bir ilk imza sayılan bədii əsər, əslində isə ədəbi məcmuə və antalogiyadır. Bu kitab milli kimlik, türkçülük, Turan və turançılıq məfkurəsi ilə bağlı maraqlı məlumatlarla yanaşı, şairlər diyarı olan doğma Cəlilabad ədəbi mühitinin nümayəndələrindən bir qrup şairin uyğun mövzuda qələmə aldıqları bir-birindən qürurlu və dərinmənalı şeirlərin toplusudur.

Ümumi məlumat:
Kitabın adı: "Turan ellərinin söz çələngi" (Ədəbi məcmuə)
Müəllif: İlqar İsmayılzadə
Nəşrə hazırlayan: "Həməşəra" mətbu orqanı
Naşir: "Elm və təhsil" nəşriyyatı, Bakı
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Kağız formatı: 60x90 1/16
Səhifə sayı: 104 səhifə.

Kitab barədə:
Milli kimlik, türkçülük, Turan və turançılıq məfkurəsi mövzusunda qələmə alınaraq tərtib edilmiş və nəfis şəkildə işıq üzü görmüş həmin kitab Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin sədri, Turan Xalq şairi, "Turan Ödülü" və "Həməşəra" Fəxri Diplomu laureatı, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, türkoloq, aşıq, yazıçı-şair Ustad Niftalı Göyçəli, Əmək veteranı və Əmək zərbəçisi, "Həməşəra" və "Dədə Qorqud" Fəxri Diplomları laureatı, təqaüdçü pedaqoq Hacı Paşa Rüstəmov və "Musavat" Partiyasının Cəlilabad Rayon Təşkilatının sədri, tarix müəllimi, qazi atası, "Həməşəra" Fəxri Diplomu laureatı Azər Əsgər müəllimin rəyləri ilə başlamış, müəllifin ön sözü ilə davam etmişdir.
Bunun ardınca kitabın içindəkilər aşağıda göstərilən iki əsas fəsildə hazırlanmış və təqdim edilmişdir:
Birinci fəsil: Türk kimliyi və turançiliq: kökdən məfkurəyə;
İkinci fəsil: Turan ellərinin söz çələngi.
İlk fəsildə milli kimlik, Türk, Turan, turançılıq məfkurəsi, Türklərin ilk inanc sesitemi, Turan ideyasının yaranma tarixi və Türk Dövlətləri Təşkilatı (TDT) barədə zəruri və maraqlı bilgilər, ikinci fəsildə isə yalnız Cəlilabad ədəbi mühitinə aid olan 20-dən çox şairin türkçülük, Turan və turançılıq məfkurəsi mövzusunda qələmə aldıqları şeir və poeziya nümunələri təqdim edilmişdir. Burada şeirləri təqdim edilmiş şairlər arasında Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvləri olan ustad şairlərlə yanaşı, orta yaşlı və gənc şairlərimiz də yer almışdır...
Kitab mövzusu və yazılış üslubuna görə təkcə Cəlilabad rayonu və ölkənin Cənub bölgəsi deyil, bütün respublika səviyyəsində ilk imza olaraq səciyyələndirilə bilər. Məlumat üçün qeyd etmək lazımdır ki, bu ədəbi məcmuə indiyədək işıq üzü görmüş sayca 54-cü kitabımdır.

Təşəkkür və arzular!
Fürsətdən istifadə edib, bu layihədə iştirak etmiş və ədəbi məcmuədə şeirləri dərc edilmiş dəyərli şairlərimizı ürəkdən təbrik edir, eyni halda ədəbi məcmuənin nəşrində fəstəyi olmuş bütün dəyərli xanımlar və bəylərə, ustad şairlərimizə, həmçinin, bu ədəbi topluya rəy yazmış əziz və dəyərli ustadlarımız və ziyalı simalarımız: Ustad Niftalı Göyçəliyə, ziyalı pedaqoq Hacı Paşa Rüstəmova və ziyalı pedaqoq Azər Əsgərə öz səmimi minnətdarlığımı bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları diləyirəm!
Bu arada "Elm və təhsil" nəşriyyatının rəhbərliyi və bacarıqlı əməkdaşlarına, xüsusilə də texniki redaktor Rövşanə xanım Nizamiqızına və peşəkar dizayner Zahid bəy Məmmədova göstərdikləri diqqət, peşəkarlıq və səmimiyyətə görə təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!
Son olaraq bu ədəbi-milli toplunun öz milli kimliyimizə dəyərli bir töhfə olacağına inanır, onun müasir və gələcək nəsillərimiz üçün faydalı bir ədəbi ərməğan olacağına ümid edirəm!

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
19.05.2026

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31