Qarabağ və Şərqi Zəngəzur regionun əsas nəqliyyat-logistika mərkəzinə çevrilir - Vahid Hacıyev
18:13 Siyasətİşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzuru regionun əsas nəqliyyat-logistika və iqtisadi inkişaf mərkəzlərindən birinə çevirir.
Olaylar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev WUF13 çərçivəsində keçirilən "Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar" adlı beynəlxalq panel müzakirəsində deyib.
O bildirib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında işğal dövründə şəhərlər, kəndlər və yaşayış məntəqələri tamamilə dağıdılıb: "Bu dağıntılar yalnız binaların məhv edilməsi deyildi. Bu, urban həyatın məqsədli şəkildə məhv edilməsi - urbisid idi. İşğal nəticəsində bölgədə ekoloji dağıntılar və mədəni irsin məhv edilməsi də baş verib. Bu ərazilər eyni zamanda ağır şəkildə minalarla çirkləndirilib və bu, hazırda qarşılaşdığımız ən ciddi problemlərdən biridir", - deyə o bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdış proqramı qəbul olunub və artıq proqramın ilk mərhələsi başa çatmaq üzrədir.
"Bu gün artıq 80 mindən çox insan həmin ərazilərdə yaşayır. Azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə aparılır. Smart şəhər və smart kənd konsepsiyaları bu transformasiyanın əsas sütunlarından biridir. Məqsədimiz yalnız evlər tikmək deyil, təhlükəsiz, dayanıqlı və yaşamaq üçün əlverişli icmalar formalaşdırmaqdır", - deyə o vurğulayıb.
O qeyd edib ki, yaşayış məntəqələrinin planlaşdırılması zamanı məktəblər, səhiyyə xidmətləri, təmiz su, bərpa olunan enerji və məşğulluq imkanları tam şəkildə nəzərə alınır.
V.Hacıyev həmçinin regionun iqtisadi potensialına diqqət çəkib.
"Cəbrayıl, Qubadlı və Zəngilanın iqtisadi potensialı olduqca böyükdür. Kənd təsərrüfatı, mədən sənayesi, logistika, turizm və yaşıl enerji əsas inkişaf istiqamətləridir. Azad edilmiş ərazilərdə investorlar üçün xüsusi vergi və gömrük güzəştləri tətbiq edilir. Cəbrayılda yerləşən Araz Vadisi İqtisadi Zonasında artıq 19 rezident fəaliyyət göstərir", - deyə o qeyd edib.
V.Hacıyev əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin qərarı ilə yaşıl enerji zonası elan olunub.
"Hazırda Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyası tikilir. Bundan əlavə, 100 meqavatlıq digər enerji layihələri və 45 meqavat gücündə beş su elektrik stansiyası həyata keçirilir", - deyə o bildirib.
Xüsusi nümayəndə Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyət daşıdığını da vurğulayıb.
"Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini birləşdirən əsas logistik xəttə çevriləcək", - deyə V.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, artıq avtomobil və dəmir yolu layihələrinin böyük hissəsi tamamlanıb, Araz çayı üzərində İranla bağlantını təmin edəcək körpünün tikintisi isə yekunlaşmaq üzrədir.
"Bu layihələr regionda ticarət, logistika, turizm və minlərlə yeni iş yerinin yaranmasına ciddi təkan verəcək", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.