Qlobal qeyri-müəyyənlik fonunda G20 görüşü: Yeni konsensus mümkün olacaqmı?- ÖZƏL

ABŞ 30-31 oktyabr tarixlərində Atlantada G20 xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edəcək. Görüşdə beynəlxalq əməkdaşlıq, qlobal iqtisadi problemlər, açıq bazarlar və dayanıqlı təchizat zəncirləri müzakirə olunacaq. G20 sammiti isə 14-15 dekabrda Mayamidə keçiriləcək.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Sözügedən görüşün beynəlxalq münasibətlərə-istər siyasi-iqtisadi, istərsə də digər aspektlər baxımından necə təsir göstərəcəyini indidən söyləmək çətindir. Çünki hələ vaxt var və bu müddət ərzində İran ətrafındakı hadisələr dəyişə də bilər, olduğu kimi də qala bilər. Nələrin baş verəcəyini hesablamaq isə qeyri-mümkündür.
Yəni, həmin dövrün situasiyasına uyğun olaraq qlobal münaqişələr və digər qlobal iqtisadi-siyasi məsələlər necə cərəyan edəcəksə, bu görüş də həmin yeniliklərə uyğun şəkildə keçiriləcək və nəticələr də buna uyğun formalaşacaq. Amma gözləmək mümkündür ki, bu qeyri-müəyyən situasiya hələ bir müddət davam edəcək. Tərəflər bir-birini günahlandıracaq, biri digərindən nələrsə tələb edəcək və bu da təkcə qeyri-müəyyənliyi yox, qarşıdurma vəziyyətini də davam etdirəcək. Ona görə də istər xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüş, istərsə də sammit özü yeni nələrsə vəd edəcək gücdə olmayacaq. Bu, ya əvvəlki münasibətlərin davamı, ya da həmin münasibətlərə uyğun yeni konsensusun yaradılması üçün ilkin danışıqlardan ibarət olacaq. Konkret nəticə gözləmək isə qeyri-mümkündür.
Çünki ABŞ-ın artıq əvvəlki kimi digər dövlətlərə nələrisə diktə etmək, onlardan müəyyən tələblər irəli sürmək və ya "ABŞ bunu istəyirsə, siz də bu yolla davam etməlisiniz" kimi şərtlər qoymaq imkanları məhdudlaşır. Bu, təkcə İran ətrafındakı hadisələrlə bağlı deyil. Eyni zamanda Çin və Rusiyanın öz regionlarında və qlobal münasibətlər sistemində daha hegemon mövqe əldə etməsi ilə əlaqədardır.
Hazırda ABŞ-ın həmin bölgələrdə təsirlərinin azaldığı bir reallıq var və bu reallıq hər keçən gün daha qabarıq şəkildə özünü göstərir.
Bunu nəzərə alsaq ABŞ-ın artıq dünyada təkbaşına hegemon olduğu bir situasiya yoxdur. Dünya artıq yalnız ABŞ və onun rəhbərlik etdiyi Qərb blokundan ibarət deyil. Çin ABŞ-a qarşı meydan oxumağa başlayıb. Bunu ticarət müharibəsində də, İran məsələsində də görürük. Digər bir sıra məsələlərdə də Çin artıq öz maraqlarını üstün tutur və mövqeyini ortaya qoyur. Bu mövqe bir çox hallarda kifayət qədər sərt olur və Çin sonadək həmin mövqeyin üzərində dayanır, istədiklərinin müəyyən hissəsini də əldə edə bilir. Ona görə də indi ABŞ-ın hansı şərtləri irəli sürməsindən danışarkən nəzərə almaq lazımdır ki, bu şərtlər regiondakı bütün ölkələri əhatə etməli, onların maraqlarına da uyğun olmalıdır. Yalnız bu halda hansısa nəticədən danışmaq mümkün ola bilər. Əks halda ABŞ artıq nə əvvəlki kimi diktə edə biləcək, nə də onun diktəsi həlledici rol oynayacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31