Paşinyan və Mirzoyanın Rusiya bəyanatları: Real siyasət, yoxsa seçkiqabağı manevr? ÖZƏL
16:11 SiyasətErmənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvanın Rusiya ilə münasibətləri pozmaq niyyəti yoxdur. Litvalı həmkarı Kęstutis Budrys ilə birgə mətbuat konfransında o qeyd edib ki, mövcud problemlər konstruktiv dialoq yolu ilə həll edilməlidir. Mirzoyan həmçinin vurğulayıb ki, Ermənistan AİB və Aİ-yə eyni vaxtda üzv olmağın mümkün olmadığını anlayır, lakin İrəvan Avropa İttifaqı ilə yaxınlaşma siyasətini davam etdirəcək.
"Mirzoyan dünən belə fikirlər səsləndirdi və bildirdi ki, Ermənistanın Rusiya ilə münasibətləri pozmaq niyyəti yoxdur. Eyni zamanda, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan da qeyd edir ki, heç kim Rusiyaya hörmətsiz yanaşa bilməz. O vurğulayır ki, Rusiya heç bir dövlətlə müqayisə olunmayacaq qədər böyük gücdür və Ermənistan Rusiyaya xüsusi münasibət bəsləməlidir. Bütün bunlar, sözsüz ki, seçkiqabağı verilən mesajlardır. Heç kimə sirr deyil ki, 2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda əsasən Avropaya yönəlmiş siyasət aparılıb. Ümumiyyətlə, Paşinyan hakimiyyəti dövründə Ermənistan tarixində ən güclü anti-Rusiya meylləri məhz bu hökumət dönəmində müşahidə olunub".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, bu gün Paşinyan anlayır ki, ona qarşı mübarizə aparan əsas qüvvələr Rusiya ilə yaxın münasibətlərin tərəfdarı olan qüvvələrdir. Həmçinin sirr deyil ki, Rusiya tərəfi də Paşinyana qarşı olan müxalif qüvvələri müəyyən mənada dəstəkləyir. Məhz buna görə Paşinyan da, Mirzoyan da Rusiya yönümlü elektoratı öz tərəflərinə çəkmək üçün bu cür bəyanatlar verirlər. Ancaq Ermənistanın həm Rusiya ilə münasibətləri qoruyub saxlaması, həm də Avropaya yaxınlaşması artıq əvvəlki qədər mümkün görünmür. Bəlkə əvvəllər bu balans siyasəti müəyyən qədər işləyirdi, amma indi vəziyyət dəyişib. Bildiyiniz kimi, aprelin 1-də Putinlə Paşinyanın görüşündə Rusiya prezidenti Ermənistandan daha aydın seçim etməyi tələb etdi. Bundan əlavə, mayın 9-da keçirilən Qələbə Paradından sonra Putin mətbuat konfransında açıq şəkildə bildirdi ki, əgər Ermənistan Avropa İttifaqını seçirsə, o halda Avrasiya İqtisadi İttifaqında Ermənistanın yeri olmayacaq. Yəni Rusiya tərəfi artıq öz mövqeyini açıq şəkildə ortaya qoyub. Bu səbəbdən həm Rusiya ilə strateji münasibətləri qorumaq, həm də Avropa İttifaqına inteqrasiyanı paralel şəkildə davam etdirmək əvvəlki kimi mümkün görünmür. Hətta Putin Ukraynanı nümunə göstərərək bildirdi ki, Ukrayna da vaxtilə oxşar yol seçmişdi və bugünkü nəticə hər kəsin gözü qarşısındadır. Yeni geosiyasi vəziyyətdə artıq tərəflər daha aydın şəkildə müəyyənləşir. Dünyada gedən yeni bölünmə prosesində dövlətlər seçim qarşısında qalırlar. Bunu Putinin Çinə səfəri və Si Cinpinlə görüşü zamanı imzalanan sənədlərdə də gördük. Hər iki tərəf birqütblü dünya düzəninə qarşı olduqlarını və çoxqütblü dünya nizamının formalaşdırılmasını dəstəklədiklərini bəyan etdilər. Bu baxımdan İrəvanın indiki formada balans siyasətinin perspektivi zəif görünür. Ermənistan gec-tez seçim etməli olacaq. Çünki Rusiya tərəfi artıq açıq şəkildə görür ki, may ayının əvvəlində Ermənistanda keçirilən Avropa İttifaqı tədbiri zamanı Makron Ermənistanda olduqca fəal və nümayişkaranə davranırdı. Bu da Rusiyada ciddi narahatlıq yaradan məqamlardan biri kimi qiymətləndirilir. Bu ritorika seçkiqabağı mübarizənin əsas ideoloji istiqamətlərindən biridir. Rusiya tərəfi də proseslərin mahiyyətini bildiyi üçün Ermənistana qarşı daha sərt və konkret mövqe nümayiş etdirir. Buna görə də hazırda səsləndirilən bu bəyanatlar daha çox seçkiyə hesablanmış siyasi ritorika kimi qiymətləndirilir.
Səidə Ramazanova