Şəhərlərin hava çirkliliyini azaltması mümkündür və bu istiqamətdə uğurlu nümunələr artıq mövcuddur - "Clean Air Fund" nümayəndəsi

Şəhərlərin hava çirkliliyini azaltması mümkündür və bu istiqamətdə dünyada artıq konkret uğurlu nümunələr mövcuddur.

Trend xəbər verir ki, bunu "Clean Air Fund" nəzdində "Tənəffüs Alan Şəhərlər" (Breath Cities Initiative) təşəbbüsünün tərəfdaşlıq və cəlbetmə meneceri Manuel Trujillo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində "Yeni Şəhər Gündəliyinə yeni nəfəs: Dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası" mövzusunda çıxışında deyib.

"Bu şəhərlər təkcə Avropada deyil, Asiyada da yerləşir. Hətta 19 şəhərdən 9-u Mərkəzi və Şərqi Asiyadandır. Pekin son 15 ildə ən çox irəliləyiş əldə edən şəhərlərdən biridir", - deyə o qeyd edib.

Manuel Trujillo vurğulayıb ki, hava çirkliliyinin azaldılması yalnız inkişaf etmiş şəhərlərlə məhdudlaşmır və bu proses qlobal miqyasda mümkündür.

"Biz inanırıq ki, istənilən şəhərdə, inkişaf səviyyəsindən asılı olmayaraq, hava çirkliliyinin azaldılması mümkündür", - deyə o bildirib.

O əlavə edib ki, "Tənəffüs Alan Şəhərlər" təşəbbüsü dörd əsas istiqamət üzrə fəaliyyət göstərir: məlumatların toplanması və əlçatanlığı, icmaların cəlb edilməsi, texniki dəstək və təcrübə mübadiləsi.

Onun sözlərinə görə, ilk mərhələdə ən vacib məsələ hava çirkliliyinin ölçülməsi və görünməyən problemin görünən hala gətirilməsidir:

"Bizə lokal səviyyədə dəqiq məlumat lazımdır. Təkcə şəhər üzrə orta göstərici kifayət deyil, eyni zamanda ən çirkli və həssas zonalar müəyyən edilməlidir."

O bildirib ki, ucuz sensorlar vasitəsilə şəhərlərdə geniş monitorinq şəbəkəsi qurmaq və məlumatları ictimaiyyətlə paylaşmaq mümkündür.

"Bu məlumatlar açıq olmalıdır ki, icmalar və vətəndaş cəmiyyəti də ondan istifadə edib siyasət tələb edə bilsin", - deyə o vurğulayıb.

Manuel Trujillo əlavə edib ki, gənclərin bu prosesdə rolu xüsusilə vacibdir və Yohannesburq şəhərində bu istiqamətdə uğurlu model tətbiq olunub.

O həmçinin qeyd edib ki, təşəbbüs şəhər hökumətlərinə texniki dəstək göstərir və müxtəlif şəhərlərin uğurlu təcrübələrinin yayılmasını təmin edir: "London isə bu proqramın ilk pilot şəhəri olub və digər şəhərlər üçün nümunə rolunu oynayıb".

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31