ABŞ-dəki aralıq seçkiləri və İranın planı: Vaxt kimin xeyrinə işləyir? – ÖZƏL

"İranın Pakistan vasitəsilə ABŞ-yə təqdim etdiyi yeni 14 maddəlik təkliflər paketi əslində təkcə diplomatik sənəd deyil, həm də zaman qazanmağa, beynəlxalq təzyiqləri azaltmağa və Vaşinqton daxilindəki siyasi proseslərdən maksimum yararlanmağa hesablanmış geosiyasi manevrdir. Tehran artıq açıq şəkildə anlayır ki, Yaxın Şərqdə hərbi eskalasiyanın davam etməsi nə ABŞ, nə də region ölkələri üçün arzuolunan deyil. Bu səbəbdən İran danışıqlar masasında "müharibənin dayandırılması", "etimad tədbirləri" və "qarşılıqlı təminatlar" kimi anlayışları ön plana çıxararaq prosesi mümkün qədər uzunmüddətli və mərhələli formata keçirməyə çalışır." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, əslində İranın yeni paketində əsas prioritetlər bir neçə istiqamətdə cəmlənir. Vacib məsələlərdən biri ABŞ tərəfindən hərbi təzyiqlərin və mümkün yeni sanksiyaların qarşısını almaqdır. Tehran yaxşı başa düşür ki, iqtisadi vəziyyətin ağırlaşdığı, daxili sosial narazılıqların artdığı bir mərhələdə genişmiqyaslı qarşıdurma İran hakimiyyəti üçün ciddi risklər yarada bilər. Buna görə də İran diplomatik dili yumşaldaraq Vaşinqtona "müharibəsiz həll" mesajı göndərir. Mühüm məqamlardan biri də etimad tədbirləri məsələsidir. İran burada yalnız nüvə proqramı ilə bağlı güzəştlərdən deyil, həm də regiondakı təhlükəsizlik balansından danışır. Tehran çalışır ki, ABŞ onu tam təcrid etmək siyasətindən mərhələli şəkildə geri çəkilsin və müəyyən iqtisadi kanalların açılmasına razılıq versin. Yəni İranın məqsədi təkcə hərbi riskləri azaltmaq deyil, həm də iqtisadi nəfəs almaq imkanları əldə etməkdir.

"Düşünürəm ki, burada Pakistan faktorunun ortaya çıxması da təsadüfi deyil. Pakistan həm Vaşinqton, həm də Tehranla işləyə bilən nadir regional aktorlardan biridir. Üstəlik, İslamabad Çinlə yaxın münasibətlərə malikdir və bu da prosesə əlavə geosiyasi çalar verir. Pakistan vasitəçiliyi ABŞ-İran münasibətlərində yeni dinamika yaradır, çünki əvvəlki illərdə əsas vasitəçi rollarını daha çox Oman, Qətər və müəyyən hallarda Avropa ölkələri oynayırdı. İndi isə Pakistanın prosesə daxil olması göstərir ki, region daxilində yeni diplomatik mərkəzlər formalaşır. Digər tərəfdən, Pakistanın vasitəçi kimi çıxış etməsi İran üçün də müəyyən üstünlüklər yaradır. Tehran hesab edir ki, müsəlman ölkəsi üzərindən aparılan dialoq həm regional legitimliyi artırır, həm də ABŞ-nin birbaşa diktə edən tərəf kimi görünməsinin qarşısını alır. Bu, İranın daxili auditoriyası üçün də vacibdir. Çünki İran hakimiyyəti ölkə daxilində "təslim olan tərəf" görüntüsü yaratmaq istəmir. Hesab edirəm ki, ABŞ-də yaxınlaşan aralıq seçkilər isə Vaşinqtonun qərarlarına birbaşa təsir edən əsas amillərdən biridir. ABŞ administrasiyası seçki öncəsi Yaxın Şərqdə yeni böyük müharibənin başlanmasını istəmir. Çünki enerji bazarlarındakı mümkün dalğalanma, neft qiymətlərinin artması və hərbi xərclərin yüksəlməsi daxili siyasi reytinqlərə mənfi təsir göstərə bilər. Məhz buna görə də İran hesab edir ki, indiki mərhələdə vaxt onun xeyrinə işləyir. Tehran çox ustalıqla "danışıqları davam etdirən tərəf" imici yaradır və bununla həm beynəlxalq ictimaiyyətin təzyiqlərini yumşaldır, həm də ABŞ daxilində siyasi parçalanmadan istifadə etməyə çalışır. İranın strategiyası odur ki, proses nə tam pozulsun, nə də sürətlə yekunlaşsın. Çünki uzanan danışıqlar Tehrana həm diplomatik manevr imkanları verir, həm də regional müttəfiqlərini yenidən koordinasiya etmək üçün əlavə zaman qazandırır. Bütün bunlar göstərir ki, qarşıdakı dövrdə ABŞ-İran münasibətlərində tam normallaşma gözlənilməsə də, tərəflər arasında idarə olunan gərginlik modeli davam etdiriləcək. İran isə bu mərhələdə əsas məqsəd kimi Vaşinqtonu sürətli qərarlardan uzaqlaşdırmağa və prosesi mümkün qədər siyasi-diplomatik bataqlığa çevirməyə çalışır", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31