Tehran vaxt qazanır: İranın ABŞ-a 14 maddəlik yeni şərtləri- ÖZƏL
17:16 Dünyaİranın Pakistan vasitəsilə ABŞ-a təqdim etdiyi yeni 14 maddəlik təkliflər paketi əsasən müharibənin dayandırılması və Vaşinqtonun etimad tədbirləri üzərində qurulub. Ekspertlər hesab edir ki, ABŞ-da aralıq seçkilər yaxınlaşdıqca Tehran danışıqları məqsədli şəkildə uzadaraq zaman qazanmağa çalışır.
İranın 14 maddəlik yeni təkliflər paketində əsas prioritetlər nələrdir və Tehran bununla nə qazanmağa çalışır? Pakistanın vasitəçi kimi prosesə daxil olması ABŞ-İran münasibətlərində hansı yeni dinamika yaradır? ABŞ-da yaxınlaşan aralıq seçkilər Vaşinqtonun İrana münasibətdə qərarlarına necə təsir edə bilər? Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" İranın ABŞ-a göndərdiyi 14 maddəlik təkliflər paketi əvvəlki variantdan çox da ciddi fərqlənmir. Burada yenə əsas məsələ ABŞ tərəfindən İrana hücum etməməklə bağlı təminatların verilməsi, bundan başqa Hörmüz boğazında blokadanın aradan götürülməsi, kompensasiyaların ödənilməsi və s. kimi məsələlər öz əksini tapıb.
Faktiki olaraq, bu məsələ ilə bağlı kifayət qədər ciddi fikirlər səslənməkdədir. Son təkliflərdə isə bildirilirdi ki, İran Hörmüz boğazını açmağa hazırdır. O şərtlə ki, ABŞ Hörmüzdə blokadanı aradan qaldırsın.
Yəni bu baxımdan tərəflər arasında hazırda kifayət qədər ciddi məqamlar var və bu da onların bir araya gəlməsinə, daha doğrusu, razılığa gəlməsinə mane olur. İran əslində müəyyən şəkildə prosesi uzadaraq vaxt qazanır ki, ABŞ da bunun fərqindədir. İki gün öncə Donald Trampın bu savaşı bir neçə gün təxirə salması ilə bağlı açıqlaması da məhz bundan qaynaqlanır.
Belə ki, o bildirdi ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər rəhbərlərinin xahişi ilə hələlik əməliyyatları təxirə salır. Amma düşünürəm ki, ABŞ da bu məsələdə israr edəcək. Nəzərə alsaq ki, bölgədə ABŞ-ın kifayət qədər hərbi qüvvələri qalmaqdadır.
Bundan başqa, bu atəşkəs dövründə ABŞ da özünün cəbbəxanasındakı boşluqları kifayət qədər doldurub. Yəni sursat və raketlər baxımından yenidən ehtiyatlar tamamlanır və ABŞ hansısa əməliyyatlara hazırdır. Nəzərə alsaq ki, İsrail buna çoxdan hazırdır və dəfələrlə bunu bəyan edib, burada İsrail faktoru da aydın görünməkdədir. O baxımdan hərbi eskalasiya ehtimalı kifayət qədər yüksək olaraq qalmaqdadır.
Pakistanın vasitəçiliyi əlbəttə ki, müəyyən bir nəticə verir. Ən azı atəşkəs hələ də qüvvədədir və dolayısıyla danışıqlar davam etməkdədir. Amma düşünürəm ki, bu da sonsuza qədər davam etməyəcək. Pakistanın əsas töhfəsi, bir daha qeyd edirəm, məhz atəşkəsə nail olunması, onun davam etməsi və tərəflərin ona olan etimadından istifadə edərək onları bir arada tutmaq və danışıqları davam etdirməyə inandırmaqdır.
Amma düşünürəm ki, bu da sonsuza qədər davam etməyəcək. Əgər İran tərəfi öz mövqeyində israrlı olacaqsa və radikallıq göstərərək qarşıdurma yolu seçəcəksə, o zaman şübhəsiz ki, yenidən hərbi əməliyyatların başlanması riski çox yüksək olacaq".
Zeynəb Mustafazadə